YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının üzvləri ilə görüşüb

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının üzvləri ilə görüşüb.

Azərbaycanın milli maraqlarının qorunmasındakı qətiyyətli mövqeyinə görə dövlətimizin başçısına Mətbuat Şurasının xüsusi mükafatı təqdim olunub.

Prezident İlham Əliyev milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə jurnalistləri və xalqımızı təbrik etdi, bayram ərəfəsində bir çox jurnalistlərin orden, medal və fəxri adlarla təltif olunduğunu dedi. “Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var və ancaq müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil şəkildə fəaliyyət göstərib”, - deyən Prezident İlham Əliyev 1998-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə ölkəmizdə senzuranın ləğv edildiyini və bunun mətbuat tarixində yeni dövr açdığını bildirdi. Bu gün mətbuatımızın inkişaf baxımından yeni səviyyəyə qalxdığını deyən dövlətimizin başçısı artıq 12 ildir fəaliyyət göstərən Mətbuat Şurasının işini yüksək qiymətləndirdi. Ölkədə mətbuatın inkişafı ilə əlaqədar islahatların uğurla aparıldığını deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu gün ölkəmizdə azad cəmiyyətin formalaşmasını, cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirən dövlətimizin başçısı bu məsələdə mətbuatın rolunun əhəmiyyətli olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev bu gün ölkədə yüzlərlə qəzet-jurnalın, televiziya kanalının fəaliyyət göstərdiyini, ölkəmizin tam müstəqil siyasət yürütdüyünü, bunun təməlində isə xalqımızın maraqlarının dayandığını dedi.

“Cəmiyyətimiz strateji maraqlar ətrafında birləşib və bizi narahat edən məsələlərlə bağlı fikir ayrılığı yoxdur”, - deyən Prezident İlham Əliyev bildirdi ki, mətbuat hər zaman strateji maraqları müdafiə etməli, milli maraqlarımızı beynəlxalq müstəvidə qorumalıdır. Son illərdə bu istiqamətdə milli mətbuatda ciddi dönüşün yarandığını deyən dövlətimizin başçısı ölkədəki vəziyyəti, hadisələri bir çox hallarda mətbuatdan izlədiyini və dərhal da reaksiya verdiyini bildirdi. Prezident İlham Əliyev bundan sonra da ölkədə baş verən hər hansı pozuntu hadisəsinə qarşı mətbuatı fəal olmağa çağırdı. Azərbaycanın beynəlxalq mövqeləri ilə bağlı fikirlərini bölüşən dövlətimizin başçısı xarici mediada ölkəmizə qarşı aparılan ədalətsiz kampaniyanın ciddi tədbirlər ərəfəsində daha da əlaqələndirilmiş xarakter aldığını bildirdi, buna səbəb kimi isə Azərbaycanın müstəqil siyasətini, ölkəmizin uğurlarını göstərdi. Bildirdi ki, erməni lobbisinin və digər dairələrin ölkəmizə qarşı apardığı qaralama kampaniyası Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir etmir. “Biz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla inkişaf etdirəcəyik”, - deyən dövlətimizin başçısı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi tədbirlərin görüldüyünü və bu sahədə medianın rolunun artırılmasının vacibliyini bildirdi.

“Xalqımız vahid və milli ideyalar ətrafında birləşib və bu proses bundan sonra da davam edəcək”, - deyən Azərbaycan Prezidenti bununla bağlı mətbuatın üzərinə böyük vəzifələrin düşdüyünü xatırlatdı.

Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın keçdiyi şərəfli yola nəzər saldı, ulu öndər Heydər Əliyevin medianın inkişafı ilə bağlı həyata keçirdiyi tədbirləri xatırlatdı. Dövlətimizin başçısının ölkəmizin inkişafı, cəmiyyətdə vətənpərvərlik ideyalarının möhkəmlənməsindəki xidmətlərinin media təmsilçiləri tərəfindən də yüksək qiymətləndirildiyini deyən Əflatun Amaşov milli mətbuatın yaradılmasının 140 illiyi ərəfəsində media təmsilçilərinin bir qrupunun fəxri adlarla təltif olunmasına görə jurnalistlər adından dövlətimizin başçısına minnətdarlıq etdi.

Əflatun Amaşov Azərbaycanın milli maraqlarının qorunmasındakı qətiyyətli mövqeyinə görə Prezident İlham Əliyevin Mətbuat Şurasının xüsusi mükafatı ilə təltif olunduğunu dedi və mükafatı dövlətimizin başçısına təqdim etdi.

Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Akif Aşırlı və Umud Rəhimoğlu da Azərbaycan mətbuatının inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər.

Dövlətimizin başçısı çıxışlarda səslənən təkliflərə baxılacağını və medianın inkişafı ilə bağlı tədbirlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırdı.

Daha sonra Prezident İlham Əliyev milli mətbuatın 140 illiyi münasibətilə imzaladığı Sərəncama əsasən Mətbuat Şurasının fəxri ad alan üzvlərinə mükafatları təqdim etdi.