YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva məşhur fransız fotoqrafı Anri Kartye-Bressonun sərgisi ilə tanış olmuşdur

Mayın 26-da Heydər Əliyev Mərkəzində XX əsrin görkəmli fransız fotoqrafı Anri Kartye-Bressonun “Paris” adlı fərdi sərgisi açılmışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olmuşdur.

Sərginin açılış mərasimində “Magnum photos” agentliyinin direktoru Klemen Sakkomani Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Fondun vitse-prezidenti Leyla Əliyevaya və Arzu Əliyevaya minnətdarlığını bildirmiş, bu sərginin nadir memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzində təşkilindən şərəf duyduğunu söyləmişdir.

Bildirilmişdir ki, Anri Kartye-Bresson 1908-ci ildə Fransanın Şantelup şəhərində doğulmuşdur. Onu fotojurnalistikanın sütunu adlandırırlar. Məşhur fotoqraf rəssamlıqla da məşğul olmuşdur. O, fotoqrafiyada zamanın və “həlledici an”ın roluna böyük əhəmiyyət vermişdir.

“Magnum photos” agentliyinin yaradıcılarından olan Anri Kartye-Bresson sadə insanlarla yanaşı, XX əsrin ən mühüm hadisələrini və bir çox məşhurların - İren və Frederik Jolio-Kürilər, Anri Matiss, Alber Kamyu, Pol Valeri, Vilyam Folkner, Trimen Kapote, Xoan Miro, Merilin Manro, Koko Şanel, Jan Pol Sartr və digərlərinin fotolarını lentə almışdır.

Fotoqraf deyirdi ki, planlaşdırılmış və ya səhnələşdirilmiş fotoqrafiyanın mənə heç bir aidiyyəti yoxdur. “Əgər hər hansı bir qərar verirəmsə, bu, yalnız daxili psixoloji sifarişdir. Əvvəlcədən razılaşdırılmış və ya təşkil olunmuş fotolar da olur”, – deyən Anri Kartye-Bresson onu da bildirirdi ki, fotoaparat mənim üçün qeyd dəftərçəsi, intuisiya, alət, anın sahibi –vizual baxımdan eyni vaxtda sual qoyan və qərar verəndir. Fotoqraf əmin idi ki, dünyanı ifadə etmək üçün obyektiv vasitəsilə görünən kadrlara aludə olmaq lazımdır. Bu, konsentrasiya, ağıl və həssaslıq, eləcə də geometrik duyğu tələb edir.

Anri Kartye-Bresson 2004-cü ildə vəfat etmişdir. Hazırda onun əsərləri dünyanın bir çox muzeylərinin kolleksiyalarında saxlanılır.

“Magnum photos” agentliyinin direktoru Klemen Sakkomani vurğulamışdır ki, sərgi Parisin son 70 illik tarixinə səyahətdir. Burada nümayiş olunan əsərləri izləyənlər sanki Fransanın paytaxtına gəzintiyə çıxacaqlar. Sərgi həm də Fransa ilə Azərbaycan arasında əlaqələrin daha da genişləndiyini nümayiş etdirir.
Klemen Sakkomani fotoqrafın 40 il bundan əvvəl Azərbaycan ilə daha yaxından tanış olmaq məqsədilə ölkəmizə gəldiyini, bu ecazkar məkanı fotoaparatı vasitəsilə yaddaşında saxladığını söyləmişdir. Diqqətə çatdırmışdır ki, bu gün bizim Azərbaycanda olmağımız Anri Kartye-Bressonun iradəsindən irəli gəlir. Həmçinin agentlik “YARAT!” Müasir İncəsənət Məkanının gənc fotoqrafları ilə birgə işləmək niyyətindədir. Bundan əlavə, agentlik 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərini fotoşəkillər vasitəsilə dünyaya çatdırmaq arzusundadır.

Sonra mərasim iştirakçıları sərgiyə baxmışlar. Sərgidə müəllifin müxtəlif illərdə və fərqli mövzularda lentə aldığı 80-dən çox əsəri nümayiş olunur. Bu əsərlər müəllifin daim mövzuya və öz yaradıcılığına yüksək hörmət hissi ilə yanaşdığını bir daha təsdiqləyir.

Sərgidə “Magnum photos” agentliyinin direktoru Klemen Sakkomani Anri Kartye-Bressonun fotoalbomunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təqdim etmişdir.

Sərgi iyulun 27-dək davam edəcəkdir.