YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nümunəvi beynəlxalq əməkdaşlıq formatı

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Bu günlərdə 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi işini uğurla başa çatdırdı. Azərbaycanın, eyni zamanda. iştirakçı ölkələrin iqtisadi imkanlarının təqdimatında və yeni hədəflərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayan Neft-Qaz sərgisinə marağın ildən-ilə daha da artdığı diqqətdən kənarda qalmır. Bu, təbii ki, ölkəmizin etibarlı tərəfdaş kimi nüfuzunun artmasından, hər bir layihəni uğurlu sonluqla başa çatdırmaq üçün göstərdiyi səylərdən, bir sözlə, hər zaman əməkdaşlığa, səylərin birləşdirilməsinə marağından irəli gəlir. Eyni zamanda, dövrün çağırışları da yeni-yeni əməkdaşlıq formatlarının yaradılmasında mühüm rol oynayır. Hazırkı dövrün əsas çağırışı isə bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır.

Dövlət başçısı İlham Əliyev sərgidəki çıxışında bir daha diqqəti son bir ilin enerji sektorunda qazanılan uğurlara yönəltdi. Bildirdi ki, Avropa İttifaqı ilə Azərbaycan ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzaladı. Bu, uğurla icra edilir. Artıq enerji dialoqumuz başlayıb. Biz Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üzvləriyik. Bütün səylərimiz əlaqələndirilir. Cənub Qaz Dəhlizi artıq istifadəyə veriləndən sonra qarşıda yeni vəzifələr dayanır. Ona görə də Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir.

“Biz özümüzü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın, əslində, lider, aparıcı ölkə olsun. Burada söhbət yenilənən, bərpaolunan enerjidən gedir” söyləyən cənab İlham Əliyev böyük məmnunluq hissi ilə qeyd etdi ki, yenilənən enerji ilə bağlı şirkətlər bu gün burada olduqca böyük çoxluq təşkil edir: “Əminəm ki, illər keçdikcə bu şirkətlərin sayı artacaq. Yəni, biz tərəfdaşlarımızla birlikdə neft kəmərləri inşa etdik, neft yataqlarına sərmayə qoyduq, daha sonra qaz infrastrukturu inşa etdik. Cənub Qaz Dəhlizi bizim birgə tarixi nailiyyətimizdir, 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır.”

Ölkəmizin “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək enerji sektorunda qazandığı uğurlarının xronologiyasına diqqət yetirməklə düşünülmüş və gələcəyə hesablanmış siyasətin Azərbaycanın qarşısında böyük imkanlar açdığını inamla qeyd edirik. 2006-ci ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi və Azərbaycan regional əməkdaşlığın aparıcı qüvvəsinə çevrildi. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu. O zaman dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etmişdi ki, bu layihə uğurla, vaxtında icra ediləcək. Baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihə idi. Azərbaycan ilk dəfə olaraq belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start verdi, onun təşəbbüskarı oldu. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərdi ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır. Artıq 2020-ci ilin sonunda TAP-ın istifadəyə verilməsi ilə Cənub Qaz Dəhlizi tam tərkibdə reallığa çevrildi. Uğurla başa çatan hər bir layihə Azərbaycanın dünyanın enerji təlükəsizliyində roluna yeni əlavələr gətirir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurlardan bəhs edərkən dövlət başçısı İlham Əliyev bildirir ki, düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir. Ölkəmiz enerji sektorunda qazandığı uğurlarla nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yaradır.