YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq birlik sülhə gəlmək üçün Ermənistana təzyiq etməlidir

“Son zamanlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh sazişi üzrə danışıqlar prosesi kifayət qədər intensivləşib. Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasını istəyən beynəlxalq vasitəçilər bu məqsəd üçün müxtəlif təşəbbüslər irəli sürürlər. İyunun 1-də Moldovanın paytaxtı Kişineuda keçirilən beştərəfli görüş də bölgədə sülhün təmin edilməsini müzakirə etmək üçün növbəti bir addım oldu”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, görüş Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutub. Beştərəfli qeyri-rəsmi görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts və Fransanın Prezidenti Emmanuel Makron iştirak ediblər. Verilən məlumatlardan aydın olur ki, beştərəfli qeyri-rəsmi görüş pozitiv müstəvidə keçib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel görüşün nətciələri haqqında jurnalistlərə açıqlama verərək qeyd edib ki, iyulun 21-də  Brüsseldə növbəti üçtərəfli görüş keçiriləcək.

Sevinc Fətəliyevanın sözlərinə görə, Şarl Mişelin vasitəsilə aparılan bu danışıqlar daha çox koordinasiya xarakteri daşıyır. Bütövlükdə, əsas müzakirələr Şarl Mişelin dəstəyi ilə üçtərəfli formatda aparılır. Azərbaycan Brüssel formatını dəstəkləyir. Çünki bu format çərçivəsində tərəflər müəyyən məsələlərlə bağlı müəyyən razılığa gəliblər.  

“Azərbaycan bölgədə sülhə nail olmaq üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyir. Ona görə də, dövlətimiz müxtəlif platformalarda təşkil olunan görüşlərdə iştirak edir. Moldovada baş tutan beştərəfli görüş də bu baxımdan dəyərləndirilməlidir. Fransa və Almaniya liderinin burada iştirakı bütövlükdə qeyri-formal xarakter daşıyıb. Bu görüşdə də əsasən bir daha sülh müqaviləsi üzrə danışıqların intenstivləşdirilməsinin vacibliyi qeyd olunub”, - deyən deputat əlavə edib ki, bu ay ərzində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vaşinqtonda növbəti görüşünün keçirilməsi nəzərdə  tutulur. Nazirlərin görüşündə  əsas danışıqlar sülh müqaviləsi ilə bağlı olacaq. Onun fikrincə, danışıqlar prosesində intensivliyin artması sülhün əldə edilməsinə olan ümidləri də artırır. Lakin Ermənistan çox zaman  qeyri-konstruktiv mövqe nümayiş etdirərək razılaşmaları pozur. Ona görə də, beynəlxalq birlik sülhə gəlmək üçün Ermənistana təzyiq etməlidir.

DİGƏR Xəbərlər Arxiv