YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluq, qarşılıqlı etimad

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

 Azərbaycanın xarici siyasətində İsrail ilə əməkdaşlıq xüsusi yer tutur. İki ölkənin münasibətləri zəngin tarixə malikdir. Belə ki, 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulub. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. İki ölkə arasında əlaqələrin kökündə milli-dini tolerantlıq, qarşılıqlı etimad dayanır.

2023-cü il aprelin 23-də Azərbaycanın İsrail Dövlətində səfirliyinin açılması iki ölkə arasında yüksək səviyyədə olan münasibətlərin daha da inkişaf etməsinə mühüm töhfələr verəcək. Prezident İlham Əliyev mayın 30-da ölkəmizdə rəsmi səfərdə olan İsrail Prezidenti İsxak Hersoq ilə mətbuata birgə bəyanatlarında bu məqama xüsusi diqqət yönəltmişdir. “Sizin səfəriniz ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Əminəm ki, səfər bizim ikitərəfli əlaqələrimizi gücləndirəcək. Aramızda çox fəal siyasi dialoq var və biz cənab Prezidentlə telefonla əlaqə saxlayırıq. İndi isə, əlbəttə ki, rəsmi səfər zamanı bizim ikitərəfli gündəliyimizdə duran önəmli məsələləri müzakirə etmək üçün daha çox imkanımız var” deyən dövlət başçısı İlham Əliyev bu əminliyi də ifadə etdi ki, bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.

Prezidentlərin görüşlərində, həmçinin mətbuata birgə bəyanatlarında diqqət gstərilən digər məsələ həm Azərbaycanın, həm də İsrailin mövcud turizm potensialı oldu. Qarşılılıqlı turist axınının səviyyəsinin artırılması məsələsi geniş müzakirə edildi. Prezident İlham Əliyev iki ölkə arasında həftədə yalnız dörd aviareys olduğunu və bunun yetərli olmadığını qeyd etdi. İsraildə daha çox təqdimat imkanları yaradılmasının zəruriliyini vurğulayan cənab İlham Əliyev nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verildiyini də bildirdi. “Yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır” söyləyən cənab İlham Əliyev onu da əlavə etdi ki, onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə çiyin-çiyinə vuruşublar. Bu gün bu, təkcə Azərbaycanın uğurlu inkişafı, mədəniyyətlərarası sülh və dostluq üçün yox, eyni zamanda, bizim ikitərəfli münasibətlərimiz üçün mühüm amildir: “Bilirəm ki, İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir.”

Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkədir. Ölkəmizdə bütün xalqların, millətlərin nümayəndələri dostluq, qardaşlıq, sülh şəraitində yaşayırlar. Azərbaycanın dünyaya səs salan tarixi Zəfərində  ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri böyük fədakarlıq, şücaət göstərdilər.

İsrail Prezidenti İsxak Hersoqun “Bizim əlaqələrimizin dərin kökləri var. Yəhudilərin bu ölkədəki irsinin kökləri, yeri gəlmişkən, özlüyündə nümunə olan nadir irsi və yəhudi icmalarının 120-130 il əvvəl meydana gəlməsi ilə Azərbaycanın dünyada yazdığı hekayəsinə öz böyük töhfəsini verib. Sülh, ümumi rifah, yaxşı işlərə dair birgə strateji baxışımızla birlikdə, yəhudilərlə müsəlmanlar arasında səmərəli, ədalətli, səmimi, dostcasına dialoq, bizim arzulaya və nümayiş etdirə biləcəyimiz bir baxışdır” fikirləri də özündə bir çox məqamları ehtiva edir.