YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişafa mühüm töhfə

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin rolu böyükdür. Hazırda mətbuatda müzakirə edilən Azərbaycan-İsrail münasibətləri də qarşılıqlı səfərlərin fonunda yüksələn xətlə inkişaf edir, strateji tərəfdaşlıq səviyyəsinə yüsəlib.

İsrail Prezidenti İsxak Hersoq mayın 30-da ölkəmizdə rəsmi səfərdə oldu. Səfər çərçivəsində Prezidentlərin təkbətək və geniş tərkibdə görüşülərində iki dost ölkənin münasibətlərinin ayrı-ayrı sahələrdə inkişafına diqqət yetirildi, yeni prioritetlər açıqlandı, dövlət başçılarının iştirakı ilə əməkdaşlığın möhkəmlənməsində hüquqi baza olan sənədlərin imzalanması oldu.  

Sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında Prezident İlham Əliyev Azərbaycan-İsrail münasibətlərinin iqtisadi, siyasi sahədə inkiafından geniş bəhs edərək diqqəti müdafiə sənayesi sahəsində fəal əməkdaşlığa yönəltdi. Qeyd etdi ki, əməkdaşlıq artıq bir neçə ildir davam edir. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.

Azərbaycan-İsrail əməkdaşlığının yüksələn xətlə inkişafı göz qabağındadır. Əvvəllər bu əməkdaşlıq əsasən, neft-qaz sahəsinə yönəlmişdisə, sonradan iqtisadiyyatın digər sektorlarını, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə, hərbi-texniki tərəfdaşlığı da əhatə edir. İsrail dünya bazarında Azərbaycan neftinin əsas strateji alıcılarından biridir. Cənab İlham Əliyev bildirdi ki, bu gün müzakirələr zamanı, həmçinin enerji sahəsində əməkdaşlığın necə genişləndirilməsinə xüsusi diqqət göstərildi.  Çünki investisiya layihələri, interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar görürük.

İqtisadiyyatın digər sahələrində, o cümlədən kənd təsərrüfatı sektorunda əlaqələrin genişləndirilməsi əsas hədəflər sırasındadır. Dövlət başçısı İlham Əliyev bildirmişdir: “Biz, həmçinin irriqasiya və kənd təsərrüfatı sahəsində planlarımızı və artıq görülmüş işləri müzakirə etdik. İsrailin bu sahədə böyük nailiyyətlərindən bizim xəbərimiz var və biz kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün bu müsbət təcrübədən istifadə etmək və ixrac bazarımızı şaxələndirmək istəyirik.”

Azərbaycan-İsrail əlaqələrində önəmli istiqamətlərdən biri də səhiyyə sahəsidir.  Sirr deyil ki, İsrail yüksək səviyyəli təhsil və səhiyyə sisteminə malik ölkələrdən biridir. Məhz bu amilə əsaslanaraq bu ölkə ilə səhiyyə sahəsində əməkdaşlığın Azərbaycan üçün önəmli olduğunu qeyd edə bilərik. Yüksək texnologiyalar  sahəsində də  ölkələrimiz arasında əməkdaşlıq mövcuddur. Bu baxımdan  ölkə  Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı”nın imzalanması bu sahədə əməkdaşlığın inkişafına mühüm töhfə kimi qiymətləndirilməlidir.

Ümumilikdə Azərbaycan-İsrail münasibətləri yüksək səviyyədədir. Əlaqələrin daha da möhkəmlənməsi üçün geniş imkanlar mövcuddur. Azərbaycanın əməkdaşlıq, birlik, həmrəylk, ən əsası səylərin birləşdirilməsi çağırışı yüksək dəyərləndirilir. Bu ikitərəfli və bynəlxalq təşkilatlarda əməkdaşlığın inkişafında özünün aydın ifadəsini tapır.