YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mühüm mərhələnin başlanğıcı

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun ölkəmizə rəsmi səfəri oldu. Hər bir səfər müzakirə olunan məsələlər, imzalanan sənədlər baxımında xüsusi diqqət çəkir. Təbii ki, qarşılıqlı səfərlər münasibətlərdə yeni səhifənin açılmasında əhəmiyyətli rola malikdir.

Azərbaycan-İsrail münasibətləri böyük tarixə malikdir və ildən-ilə daha da genişlənir. Əlaqələrin yeni prioritetlər üzrə inkişafı gələcək barədə aydın təsəvvür yaradır. Qeyd edək ki, İsrail Prezidentinin səfəri zamanı Prezidentlərin iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalandı. Hər bir sənəd münasibətlərin inkişafında mühüm mərhələnin başlanğıcıdır. Azərbaycan ikitərəfli və çoxtərəfli əməkdaşlıqda səylərin birləşdirilməsinə, təcrübə mübadiləsinə xüsusi önəm verir. Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf dövrünü yaşayır. Düşünürük ki, bu əməkdaşlıq hər iki ölkənin səhiyyəsinin tərəqqisində öz sözünü deyəcək.

Azərbaycan-İsrail əlaqələri strateji xarakter daşıyır. Tərəflər əlaqələrin inkişafı üçün səylərin birləşdirilməsində maraqlarını mətbuata birgə bəyanatlarında bir daha diqqətə çatdırdılar. “Nisbətən bu yaxınlarda əməkdaşlığa başladığımız sahələrdən biri kibertəhlükəsizlik sahəsidir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu sahədə fəal təmasların başlanılmasına çox şadıq. Bu gün artıq sirr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi ölkəmiz üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq: “Təhdidlərdən danışarkən, həmçinin müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığı məmnuniyyətlə qeyd etmək istəyirəm. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.”

Prezidentlərin mətbuata bəyanatlarında səsləndirdikləri fikirlər bu qənaətə əsas verdi ki, hər iki ölkə bir çox beynəlxalq tədbirlərdə, tribunalarda bir-birlərinin mövqelərini və haqq, ədalət, demokratiya uğrunda apardıqları mübarizəni dəstəkləyirlər. İsrail ilə Azərbaycanın daha da yaxınlaşması hər iki dövlətin və xalqların marağına cavab verir. Bu baxımdan İsrail Prezidentinin böyük heyətlə Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşlər keçirməsi olduqca əhəmiyyətlidir. Aparılan müzakirələrin müsbət nəticələrini yaxın zamanda görəcəyik. 

DİGƏR Xəbərlər Arxiv