YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcək prioritetlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

May ayının 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında mövcud olan sıx əlaqələrin dünəninə bir daha işıq salaraq gələcək prioritetlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı. Prezidentlər arasında keçirilən təkbətək və geniş tərkibdə görüşlərindən sonra mətbuata birgə bəyanatlarında bu əminlik ifadə edildi ki, səfər ikitərəfli əlaqələri daha da gücləndirəcək. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması faktı mövcud əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və qarşılıqlı əməkdaşlıq üçün yeni, daha geniş imkanlar yaradacaq. “Bəzi iqtisadi rəqəmlərə nəzər salarkən gördüm ki, ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur, bu da böyük məbləğdir” söyləyən cənab İlham Əliyev bildirdi ki, növbəti illərdə biz ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq. Ümid edirəm ki, həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq.  O, təkcə enerji amilindən asılı olmayacaq: “Buna baxmayaraq, uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da əslində enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir.” Dövlət başçısı İlham Əliyev, həmçinin vurğuladı ki, irriqasiya və kənd təsərrüfatı sahəsində planlarımızı və artıq görülmüş işləri də müzakirə etdik. İsrailin bu sahədə böyük nailiyyətlərindən xəbərimiz var. Ölkəmiz kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün bu müsbət təcrübədən istifadə etmək və ixrac bazarımızı şaxələndirmək istəyir.

Nəzərə alaq ki, iqtisadiyyatın şaxələndirilməsi dövlətimizin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir. Neft siyasətinin davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir. Azərbaycanın ikitərəfli əlaqalərində enerji sektoru ilə yanaşı, qeyri-neft sahəsi də xüsusi yer tutur. Düşünürük ki, Azərbaycan-İsrail münasibətlərinin kənd təsərrüfatı sahəsində inkişafının sürətləndirilməsi hər iki ölkənin iqtisadiyyatının şaxələndirilməsində öz sözünü deyəcək.

Daha bir yeni əməkdaşlıq istiqaməti kimi, kibertəhlükəsizlik sahəsi qeyd edildi. Vurğulandı ki, artıq bu sahədə də fəal təmaslara başlanılıb. Müasir dünyada kibertəhlükəsizliyin artıq hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsi olduğu nəzərə alınarsa, bu istiqamətdə atılan addımların nə qədər əhəmiyyətli olduğunu görmək heç də çətin olmaz. Eyni zamanda bu sahədə gənc nəslin təlimi və tədrisi dövlətin öz məqsədlərinə nail olması və ölkənin təhlükələrdən etibarlı müdafiəsinin təşkili baxımından mühüm amil olacaq.

Azərbaycan-İsrail münasibətlərinin yüksələn xətlə inkişafı üçün möhkəm əsaslar var. Prezident İsxak Hersoq bildirdi ki, əlaqələrimizin dərin kökləri var: “Yəhudilərin bu ölkədəki irsinin kökləri, yeri gəlmişkən, özlüyündə nümunə olan nadir irsi və yəhudi icmalarının 120-130 il əvvəl meydana gəlməsi ilə Azərbaycanın dünyada yazdığı hekayəsinə öz böyük töhfəsini verib. Sülh, ümumi rifah, yaxşı işlərə dair birgə strateji baxışımızla birlikdə, yəhudilərlə müsəlmanlar arasında səmərəli, ədalətli, səmimi, dostcasına dialoq, bizim arzulaya və nümayiş etdirə biləcəyimiz bir baxışdır.”