YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev və Azərbaycançılıq ideologiyası

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Laçın rayon təşkilatı mayın 6-da "Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" mövzusunda tədbir keçirib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx  nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətimiz və xalqımız  qarşısında xidmətləri əvəzsizdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ümummilli Lider Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan dahi şəxsiyyətin həyat amalının təntənəsidir. Azərbaycanın hər bir uğuru Ulu Öndərin adı ilə bağlıdır. Möhkəm təməl davamlı uğurların əsasıdır. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaradılıb. Dahi şəxsiyyət hakimiyyətinin hər iki dövründə azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsini, təbliğini fəaliyyətinin önündə saxlayıb.

Yeni Azərbaycan Partiyası İdarə Həyətinin üzvü Asif Əsgərli qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən əhəmiyyətli addımlar atmışdır. Ümummilli Liderin  xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman öz doğma xalqına güvənirdi. Vətənə, torpağa bağlılığını atdığı addımları ilə təsdiqləyən Ulu Öndərin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının həyat amalına çevrilib. Dahi şəxsiyyət hər kəsə Vətəni sevməyi öyrətdi. Belə bir çağırışı da etdi ki, Vətən birdir, hamımız bu Vətən üçün çalışmalıyıq.

Milli Qəhraman Qorxmaz Eyvazovun oğlu Asəm Eyvazov çıxışında Ümummilli Liderin gənclərdə vətənpərvərlik hissini aşılamasından geniş bəhs edib. Azərbaycanın bu gününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə edərək onu da əlavə edib ki, Heydər Əliyev siyasətinin təntənəsi olan tarixi Zəfərimiz dünənimizin, bu günümüzün və gələcəyimizin təqdimatıdır.

Milli Məclisin deputatı Mahir Abbaszadə qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələrini qoruyan fenomenal şəxsiyyətdir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına Fəxri fərmanlar təqdim edilib. "Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" mövzusunda inşa-yazı, rəsm və dekorativ tətbiqi sənət nominasiyalari üzrə ümumrayon müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Sonda məktəblilər ədəbi- bədii kompozisiya nümayiş etdiriblər.

DİGƏR Xəbərlər Arxiv