YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi hadisə

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

May ayının 3-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Həmin gün ADA Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans məhz qədim Şuşada keçirildi. Beynəlxalq konfransın məhz Heydər Əliyev İlində keçirilməsi bu nüfuzlu tədbirin əhəmiyyətini daha da artırdı. Bu il Azərbaycanda Ümummilli Liderimizin xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, dövlətimizin daxili siyasətinin vacib məsələləri, regional inkişaf prosesləri və beynəlxalq məsələləri əhatə edən çoxsaylı tədbirlər, konfranslar təşkil olunur. Həm də belə tədbirlər təkcə ölkəmizdə deyil, həmçinin Azərbaycanın hüdudlarından kənrda da təşkil edilir. Şuşa konfransında iştirak edən Prezident İlham Əliyev çıxışında dediyi kimi, Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və Azərbaycan xalqı 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu arzunu gerçəkləşdirdi.

Beynəlxalq konfransda iştirak edən dövlətimizin başçısı ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, Azərbaycan bu gün nə dünyada, nə də xüsusən Cənubi Qafqazda gedən proseslərə biganə qala bilməz. Bu proseslərin inkişaf istiqaməti isə hazırkı vaxtda daha çox Ermənistanla Azərbaycan arsında sülh sazişinin bağlanmasından asılıdır. Əlbəttə, tarixdən aralarında sülh müqaviləsi imzalamayan ölkələrin də olduğu məlumdur. Lakin bunun nəticələri Ermənistan üçün daha pis olacaq. Azərbaycan hələ də ümid edir ki, rəsmi İrəvan məntiqli davranacaq və keçmiş Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcək. Ermənistan bu davranışı nəticəsində regional inkişaf proseslərindən təcrid edildi və faktiki olaraq həqiqətən də müstəqil ölkə olmaq şansını itirdi. Yalnız sülh sazişi imzalanarsa, ermənilər müxtəlif bazarlara çıxış əldə edə bilərlər. Bu isə onlar üçün bir tariixi şans ola bilər. Baxmayaraq ki, ölkəmiz qalibdir, Azərbaycan yenə də sülh çağırışlarına davam edir. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salınsa açıq şəkildə görünür ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur. Əlbəttə, əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Amma bundan ən çox itirən də məhz ermənilər olacaqlar.

Həmçinin qardaş Türkiyə ilə münasibətlərin inkişaf perspektivləri ilə bağlı verilən sualı cavablandıran Prezident İlham Əliyev qeyd etdi ki, Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsi burada, Şuşada, bu binadan bir neçə metr aralıda imzalanmışdır. Əlbəttə ki, bu, tarixi hadisə idi. Buna baxmayaraq, Azərbaycanla Türkiyə arasında münasibətlər de-fakto müttəfiq münasibətləri idi və biz bunu xüsusi olaraq son iyirmi ildə nümayiş etdirmişdik. Bu, eyni zamanda regional inkişafın önəmli amilidir. Keçmiş Sovetlər İttifaqına daxil olan müxtəlif ölkələrdə Avratlantik inteqrasiyaya və əməkdaşlığa gedən yola dair müəyyən konsepsiya mövcud idi. Lakin Azərbaycan “Şərq tərəfdaşlığı” Proqramına üzv olan bəzi dövlətlərdən fərqli olaraq Avropa İttifaqı ilə Assosiasiya sazişinə imza atmadı. Cənab Prezident bu məqama bir daha aydınlıq gətirərək bildirdi ki, assosiasiya sazişi, sözün əsl mənasında, saziş deyil. Bu, sadəcə, bir sözdür. Bu, həmin formata qoşulmuş ölkələrə təqdim olunmuş, sadəcə, təlimatlardan ibarət bir siyahıdır. Lakin bu, Azərbaycana uyğun deyil. Azərbaycan fərqli yolu seçib və bu günə qədər artıq Avropa İttifaqına üzv olan doqquz dövlət ilə strateji tərəfdaşlıq sazişini və bəyannaməsini imzalayıb. Beləliklə, bu, üzv dövlətlərin üçdəbirini təşkil edir. Strateji tərəfdaşlıq haqqında imzalanmış və ya qəbul edilmiş bəyannamələr assosiasiya sazişindən daha böyük dəyərə malikdir.

Azərbaycanın istər regional inkişafla bağlı siyasəti, istər beynəlxalq məsələlərlə bağlı, ölkələrin ərazi bütövlüyü ilə bağlı siyasəti hər zaman milli maraqlara xidmət edib. Buna görə də tam əminliklə deyə bilərik ki, Azərbaycanın geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacağına dair cənab Prezidentimizin verdiyi proqnozlar ciddi arqumentlərə əsaslanır.