YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsl vətənpərvərlik nümunəsi

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Faşizm üzərində tarixi Qələbədən 78 il keçir. 1941-1945-ci illər müharibəsində igid Azərbaycan oğulları xalqımıza xas qəhrəmanlıq nümunəsi göstərdilər. Xalqımızın sarsılmaz iradəsi və inamı ön və arxa cəbhəni birləşdirdi, faşizm üzərində Qələbəyə mühüm töhfə verdi.

Ümummilli Lider Heydər Əliyev Böyük Vətən müharibəsində iştirak edən veteranlarımız haqqında bildirmişdir: “Siz Böyük Vətən müharibəsinin cəbhələrində, döyüşlərdə iştirakınızla, göstərdiyiniz qəhrəmanlıqla, şücaətlə Azərbaycan xalqının nəyə qadir olduğunu bütün dünyaya sübut etmisiniz. Siz Azərbaycan xalqının hörmətini ucalara qaldırmısınız. Siz Azərbaycan xalqını dünyaya tanıtmısınız. Sizin döşünüzdəki dövlət ordenləri, medalları, nişanları mənim dediyim bu sözlərə əyani sübutdur. İndi Müstəqil Azərbaycan Respublikasında Böyük Vətən müharibəsinin, İkinci dünya müharibəsinin veteranlarına xüsusi qayğı göstərilir və bundan sonra da göstəriləcəkdir. Siz əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın prezidenti sizin probleminizlə daim məşğul olur və bundan sonra da məşğul olacaqlar. Biz həyatın bu çətin, ağır dövründə bütün imkanlarımızdan istifadə edərək Böyük Vətən müharibəsinin veteranlarına lazımi qayğılar göstərmişik və göstərəcəyik də. Mən bu gün bir daha bəyan edirəm ki, bizim üçün İkinci Dünya müharibəsində, faşizmə qarşı aparılan Böyük Vətən müharibəsində iştirak etmiş hər bir şəxs yüksək hörmətə malikdir. Bizim cəmiyyətdə sizin xüsusi yeriniz vardır. Biz heç vaxt sizin xidmətlərinizi unutmayacağıq.”

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən  Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına daim diqqətlə  yanaşır. Onların qəhrəmanlığına, şücaətinə dəyərini bu fikirləri ilə ifadə edir: “Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk.”

Qeyd etdiyimiz kimi, Böyük Vətən müharibəsində Qələbənin əldə olunmasında ön və arxa cəbhələrdə fəal iştirak edən azərbaycanlılarda Vətənə məhəbbət, milli təəssüb, həmrəylik hissi həmişə güclü olub. Azərbaycan xalqı daim qəhrəmanlığı, şücaəti, Vətənə məhəbbəti ilə diqqətdədir. Dünya bunun bir daha 44 günlük İkinci Qarabağ müharibəsində şahidi oldu. Otuz il ərzində Ermənistanın işğalçılıq və soyqırımı siyasətinin acı nəticələrini yaşamış Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsinə qalxdı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi və tarixi Qələbə qazandı. Çoxəsrlik tariximizə yazılan Zəfər səhifəsi Azərbaycanın malik olduğu imkanların, bir qarış torpağımızı belə düşmənə verməyəcəyimizi təsdiqlədi. 30 ilin işğalına 44 gündə son qoyulması vətənpərvərliyimizin, torpağa bağlılığımızın göstərici oldu.  Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq qalib xalq olduğunu bütün dünyaya sübut etdi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixi, ata və babalarımızın igidlik, mərdlik, şücaət ənənələri daha da zənginləşdirildi.

İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olanların  xatirəsi ehtiramla yad edilir.