YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın xilaskarı, dövlətimizin qurucusu

Məhəmməd Balaqadaşov

YAP Xaçmaz rayon təşkilatının sədri

Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə yaşadıqları tarixin qara səhifəsi kimi daim vərəqlənir. Həmin dövrdə ölkəyə rəhbərlik edən ünsürlərin siyasi savadsızlığı, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından Azərbycan böyük faciələrlə, müstəqilliyini itirmək və bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev zəngin dövlətçilik təcrübəsinə söykənərək uçuruma yuvarlanan, böhranlar içində çabalayan, gələcəyini heç kimin aydın təsəvvür etmədiyi bir ölkəni xilas etdi. Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu. 15 iyun 1993-cü il - Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə həkk olunan bu tarix təkcə dövlətçiliyimizin xilası deyildi. 15 iyun həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. Ümummilli Liderin hər bir addımının əsasında Vətəninə, xalqına, dövlətinə bağlılığı dayanırdı. Hər zaman Azərbaycanın bu günü və gələcəyi barədə düşünən Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü xalqa, dövlətə xidmət nümunəsidir.  Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. İttifaq səviyyəsində mövcud olan iqtisadi əlaqələr dağıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin malik olduğu təbii resurslardan istifadə edilməsi və milli məhsulların xarici bazarlara çıxışının təmin edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Məhz belə bir dövrdə, Azərbaycanın zəngin neft ehtiyatlarının mövcudluğunu nəzərə alan Ümummilli Lider Heydər Əliyev iqtisadiyytın inkişafında neft amilinə xüsusi önəm verməklə bugünkü reallıqlara yol açdı. Belə ki, dahi şəxsiyyət dünya təcrübəsinə istinadən bildirirdi ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü il 20 sentyabr tarixində Ümummilli Liderin gərgin səylər nəticəsində “Əsrin müqaviləsi” imzalandı.  Onun bütün fəaliyyətinin mərkəzində özünün dəfələrlə vurğuladığı bu ideya dururdu: “Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir.” “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanaraq əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə nail oldu ki, Ümummilli Lider müstəqillik yolunda ilk addım atan hər bir dövlətin qarşısında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişaf etdirilməsini mühüm vəzifə kimi qoyurdu.

Son 20 ilə yaxın dövrdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycana daha möhtəşəm uğurlar qazandırır. Cənab İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirir. Ümummilli Liderin müəyyənləşdirdiyi kursun uğurlu davamının nəticəsidir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu çoxəsrlik tariximizin Zəfər səhifəsini yazdı. Məhz Ümummilli Liderimizin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib.  Azərbaycan Heydər Əliyev yolu ilə inamla daha yüksək inkişafa doğru addımlayır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.