" />

YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Nəsillərə nümunə olan ömür yolu

Akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Aprelin 28-də Zirə Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) və "Modern Ailə və İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə  Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Nəsillərə nümunə olan ömür yolu” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Zirə Mədəniyyət Mərkəzində müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda  canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, 2023-cü il Azərbaycan xalqı və dövləti üçün bir çox cəhətdən əlamətdardır: “Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir və Ümummilli Liderimizin zəngin dövlətçilik irsinin tədqiq olunması, əbədiyaşar ideyalarının yeni nəslə aşılanması istiqamətində respublikamızda və onun hüdudlarından kənarda silsilə tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda, bu il Ulu Öndərin ömür-gün yoldaşı, Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümüdür”.

YAP Sədrinin müavini vurğulayıb ki, Zərifə xanım Əliyevanın fərdi və ictimai portreti olduqca rəngarəngdir: “Mənalı və nümunəvi həyat yoluna malik olan Zərifə xanım Əliyeva istər peşəkar həkim-mütəxəssis, istər ləyaqətli ziyalı və dəyərli elm xadimi, istər vəfalı ömür-gün yoldaşı, istərsə də qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxmışdır. Ona görə də iftixarla qeyd edirik ki, Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolu bugünkü və gələcək nəsillərə parlaq nümunədir”.

YAP Mərkəzi Aparatının rəhbəri söyləyib ki, Zərifə xanım Əliyevanın fəaliyyəti məqsədyönlü, çoxşaxəli və məhsuldar olmuşdur: “O, həm peşəkar oftalmoloq kimi insanlara nur və şəfa bəxş etmiş, həm savadlı mütəxəssislərin yetişməsində fəal rol oynamış, həm də gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi üçün dəyərli örnək yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamda qeyd edildiyi kimi, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Zərifə xanım tibb elminin oftalmologiya sahəsində səmərəli fəaliyyəti və müstəsna xidmətləri ilə fərqlənmişdir. Bir çox ilklərin müəllifi olan Zərifə xanım Əliyevanın apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Azərbaycanda traxomanın xəstəlik kimi ləğv edilməsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və elm sahəsində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur. O, həmçinin oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar müəllifi kimi yadda qalmışdır”. 

Tahir Budaqov qeyd edib ki, Zərifə xanım Əliyevanin fəaliyyəti, xüsusilə də çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətləri daim yüksək qiymətləndirilmişdir: “O, oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə bir çox mükafatlarla təltif olunmuşdur. Zərifə xanım Əliyeva keçmiş ittifaqın oftalmologiya sahəsində ən yüksək mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın alimdir. 150-dən artıq elmi əsərin müəllifi olan akademik SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi səmərəli fəaliyyət göstərmiş, respublika “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Bütün bunlar görkəmli alimin ictimai fəaliyyətinin də ölkəmiz üçün nə qədər faydalı və önəmli olduğunu göstərir”.

YAP Sədrinin müavini bildirib ki, Zərifə xanım Əliyevanın vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana kimi nəsillərə nümunə yaratması da Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur: “Azərbaycan qadınlarına məxsus ləyaqətli və şərəfli ömür yaşamış Zərifə xanım xalqımızın ümummilli lideri Heydər Əliyevlə ailə məsuliyyətini paylaşaraq cənab İlham Əliyev kimi tarixi şəxsiyyət yetişdirmişdir. Heç şübhəsiz, övladının yüksək məqama çatması, Vətən naminə dəyərli və faydalı işlərə imza atması hər bir valideynin ülvi arzusudur. Heydər Əliyev məktəbindən dərs alan, Zərifə Əliyevanın qayğısı ilə böyüyən cənab İlham Əliyev Prezident, Müzəffər Ali Baş Komandan kimi Azərbaycana möhtəşəm uğurlar qazandıraraq, ölkəmizi tərəqqi və Zəfər zirvəsinə yüksəldərək həm ata vəsiyyətini, həm də Vətənə sədaqət andını şərəflə və ləyaqətlə yerinə yetirmişdir. Bu səbəbdən Heydər Əliyevin və Zərifə xanım Əliyevanın ruhu şaddır. Bir çox mükafatlara və fəxri adlara layiq görülmüş Zərifə xanım Əliyeva xalqın sonsuz sevgisini - əbədi məhəbbətini qazanmış, xatirələrdə silinməz izlər buraxmışdır. Heç şübhəsiz, bu, onun ən böyük və qiymətli mükafatıdır”.

Tahir Budaqov çıxışını Prezident İlham Əliyevin Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə işıq salan fikirləri ilə tamamlayıb: “Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir. Onu tanıyanlar, haqqında kitablarda, məqalələrdə oxuyanlar da hesab edirəm ki, onun nurlu obrazını daim öz ürəyində saxlayır. Zərifə xanım böyük həkim, böyük alim, böyük insan idi. Onun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında bildirib ki, Zərifə xanım Əliyeva xalqımızın  yaddaşında novator və istedadlı alim, bilikli və bacarıqlı həkim, tanınmış ictimai xadim, qayğıkeş ana kimi qalmışdır: “Zərifə Əliyeva dedikdə ilk növbədə gözümüzün önündə işıq, nur canlanır. Bu, təkcə ona görə deyil ki, o, gözlərə nur bəxş edib, insanlara görmək sevincini yaşadıb. Bu həm də ona görədir ki, Zərifə xanım şərə, qaranlığa qarşı dayanmaq üçün ta qədim dövrlərdən  günümüzədək yaşayan əxlaq triadasında göstərildiyi kimi, xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl sahibi olub. Müdrik, xeyirxah insanın üzündən nur yağdığı kimi, əlindən də xeyir və bərəkət gələr. Zərifə xanım bir həkim kimi xəstələrinə can yandırır, onlara doğma münasibət bəsləyirdi. İş yoldaşları danışırlar ki, Zərifə xanım uzaq bölgələrdən gəlib xəstəxanada müalicə alanlara xüsusi diqqətlə yanaşırdı. O,  ehtiyacı olan hər kəsə kömək edir, hamının qəlbinə yol tapmağı bacarırdı”.

Hicran Hüseynova vurğulayıb ki, Zərifə xanım Əliyeva ciddi elmi-tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı, pedaqoji fəaliyyətini də uğurla davam etdirirdi: “Zərifə Əliyeva Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olmuş ilk oftalmoloqdur. Eyni zamanda, gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin hazırlanmasında, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmiş, sanballı tədqiqatları ilə Azərbaycan elminə töhfələr vermişdi. Bu sahədə əvəzsiz xidmətlərinə görə müxtəlif mükafatlara layiq görülmüşdü”.

Milli Məclisin komitə sədri qeyd edib ki, Zərifə xanım kimi incə təbiətli, kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin, böyük bir xalqın milli liderinin yaxın silahdaşı və övladlarının anası olmaq missiyasını şərəflə daşıyır, Ulu Öndərin  inam və etibarını hər addımında doğruldurdu: “Bu gün onun ruhu şaddır. Çünki Prezident İlham Əliyev Ulu  Öndərin layiqli davamçısı kimi Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi yolunda nəhəng işlər görür. Biz fəxr edirik ki, Zərifə xanımın böyüdüb tərbiyə etdiyi, bu gün Azərbaycanın Prezidenti olan cənab İlham Əliyev yorulmaz və əzmkar fəaliyyəti, böyük zəhməti və doğma Vətənə sonsuz sədaqəti sayəsində ölkəmizin  regionda lider dövlətə çevrilməsini təmin edib. Bu gün Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirərək bütün dünyada Azərbaycan qadınlarının imicini yüksəldir. Mehriban xanım bu gün milli-mənəvi dəyərlərin qoruyucusu kimi çıxış edir, ölkədə təhsilin, mədəniyyətin və digər sahələrin inkişafına xüsusi diqqət göstərir”.

Hicran Hüseynova bildirib ki, ömrünün üstünə gələn qayğılı-qayğısız illər zəngin mənəviyyata malik, əsl insani keyfiyyətləri özündə birləşdirən Zərifə xanımın təbiətini dəyişdirə bilmədi: “Ömrünün son günlərinədək hamının mehriban, istiqanlı, bilik və bacarığını xalqa xidmətə yönəldən, ətrafına nur saçan ziyalı kimi tanıdığı Zərifə xanım qəlblərdə əbədi yaşayacaq.  Zaman keçdikcə, nəsillər dəyişdikcə bu məhəbbət xalqın ürəyində bir sevgi abidəsi kimi ucalacaq”.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edərək akademik Zərifə xanım Əliyevanın tibb elminin və səhiyyənin inkişafındakı xidmətlərindən ətraflı bəhs edib. O bildirib ki, öz dövrünün görkəmli həkim və səhiyyə təşkilatçısı, pedaqoq, SSRİ məkanında sayılıb-seçilən oftolmoloq-alimlərdən biri olan Zərifə xanım Əliyeva həm də fəal ictimai xadim, humanist və kübar bir xanım, xeyirxah ziyalı, mehriban həyat yoldaşı, qayğıkeş ana, yüksək mədəniyyətə və incə zövqə malik Azərbaycan qadını kimi yaddaşlarda yaşayır: “Zərifə xanımın keçdiyi parlaq həyat yolunu, tibbi, elmi, pedoqoji, ictimai fəaliyyətini öyrəndikcə, onun haqqında müasirlərinin xatirələrini oxuduqca, xüsusilə gözünə işıq verdiyi sadə insanların minnətdarlıq məktubları ilə tanış olduqca bir daha bu qənaətə gəlirsən ki, bu cür insanları Tanrı cəmiyyətə nümunə üçün yaradır. İnsanlara xeyirxahlığın, şəfqətin, alicənablığın fərdin və cəmiyyətin həyatında nə qədər ali hisslər və ülvi məqsədlər olduğunu inandırmaq üçün yaradır”.

“Zərifə xanım Əliyeva Azərbaycan dövlətçilik və səhiyyə tarixində mühüm xidmətləri olan görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində, ziyalı mühitində böyümüşdür. O zamankı Azərbaycan  elm, ədəbiyyat və incəsənət xadimlərinin bir çoxları ilə tanış olan, onların irəli çəkilməsində mühüm rol oynayan professor Əziz Əliyevin evində tez-tez elmi-ədəbi diskussiyalar, söhbətlər, görüşlər olardı. Zərifə xanımın həkimlik sənətini seçməsində də ailə ənənələrinin böyük təsiri olub. Gəncliyi və tələbəliyi İkinci Dünya  müharibəsinin ağır illərinə düşən Zərifə Əliyeva 1942-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə əla qiymətlərlə bitirib. Daha sonra mükəmməl göz həkimi olmaq arzusu ilə Zərifə xanım Əliyeva Moskva şəhərinə yollanıb və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnib. O, Moskvadakı təhsilini müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıdıb, 1949-cu ildən başlayaraq Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb, 1950-ci ildə isə aspiranturaya daxil olub, praktik-əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını davam etdirib”,- deyən Musa Quliyev əlavə edib ki, Zərifə xanım Əliyeva elmi fəaliyyətinin əsas hissəsini professional oftalmologiyanın problemlərinin öyrənilməsinə həsr etmişdir. O, dünyada ilk dəfə olaraq peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur. Apardığı tədqiqatların gedişində onlarla elmi məqalələr və monoqrafiyalar çap etdirmişdir. Zərifə xanım Əliyeva 1977-ci ildə tibb elmləri doktoru elmi adına layiq görülmüş, 1983-cü ildə isə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir.

Parlamentin komitə sədri vurğulayıb ki, Zərifə xanım Əliyevanın həkimlik və alimlik fəaliyyətində şəxsi keyfiyyətlərindən irəli gələn yüksək mədəniyyət, ziyalılıq, kübarlıq, alim və vətəndaş məsuliyyəti kimi yüksək insani keyfiyyətlər həmişə diqqəti cəlb etmiş, həmkarlarına və tələbələrinə gözəl bir nümunə olmuşdur: “Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi altında gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Onun həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Zərifə xanımın ən  böyük abidəsi isə gözünə nur verdiyi, şəfqət bəxş etdiyi insanlar, onların övladları, yetişdirdiyi tələbələr, yazdığı kitablar, insanlıq üçün irs qoyub getdiyi zəriflik və alicənablıq, xeyirxahlıq və  insan sevgisidir”.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü, "Modern Ailə və İnkişaf" İctimai Birliyinin sədri Zərifə Quliyeva bildirib ki, akademik Zərifə xanım Əliyeva ləyaqətli, humanist, xeyirxah və mehriban insan kimi əbədi məhəbbət qazanıb: “O, hamıya əl tutar, hamının qəlbinə yol tapmağı bacarırdı. Zərifə xanım başqalarının dərdini, problemini özününkü hesab edərdi, çünki insanları sevirdi. Peşəsində qazandığı uğurlar da bu xüsusiyyəti ilə bağlı idi. Zərifə Əliyeva şəxsiyyətinin gücü məhz onun daim insanların dərdlərinə, qayğılarına, çətinliklərinə təmənnasız insan sevgisindən irəli gəlirdi. Zərifə xanım yüksək daxili mədəniyyəti, incə qəlbi, elmə sədaqəti, insanlara münasibətdə məsuliyyəti ilə xalqımızın yaddaşında həmişə yaşayır, daim böyük ehtiramla anılır. Zərifə xanım çox zəngin və mənalı ömür yolu keçmişdir. O, qarşısına ölkə üçün yüksək təfəkkürlü, bilikli göz həkimləri hazırlamaq kimi mühüm vəzifə qoymuş və bunu müvəffəqiyyətlə həyata keçirmişdi. Bu qədər uğurlarla bərabər Zərifə xanım çox sadə və təvazökar bir xanım idi”.

Zərifə Quliyeva bildirib ki, akademik Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Dahi şəxsiyyət Heydər Əliyev qazandığı nailiyyətlərdə vəfalı ömür-gün yoldaşı Zərifə xanımın böyük töhfələrinin olduğunu daim vurğulayırdı. Zərifə xanımın vəfatı Heydər Əliyev üçün böyük itki olmuşdur. Ulu Öndər sonsuz ehtiramla Zərifə xanımı əziz xatirəsini anaraq qeyd etmişdir: “Zərifə xanım böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. İllər keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam”.

YAP Veteranlar Şurasının üzvü qeyd edib ki, Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, dünya siyasətində öz nüfuzu ilə seçilən, uğurlu fəaliyyəti ilə Azərbaycanı bölgənin lider dövlətinə çevirən Prezident İlham Əliyevin anasıdır.

“Zərifə xanım Əliyeva unudulmaz, nümunəvi bir şəxsiyyət ömrü yaşadı. İşıqlı amalların, nəcib duyğuların təcəssüm tapdığı bir həyat yaşayan Zərifə xanımın parlaq xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq”,- deyə Zərifə Quliyeva vurğulayıb.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Sonda xatirə şəkli çəkdirilib.