YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Müqəddəs amallar uğrunda

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Ağstafa rayon təşkilatı aprelin 19-da tədbir keçirib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Ağstafa rayon Aqrar Sənaye Kompleksində Ümummilli Liderin  həyat və fəaliyyətinə dair fotosərgiyə baxış keçirildikdən sonra akt zalında davam edən tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, 2023-cü il may ayının 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur:  “Ümummilli Liderin adı ölkəmizin həm dünəni, həm bu günü, həm də gələcəyi ilə birlikdə çəkilir, xalqımızın dərin hörmət və ehtiram ünvanı kimi tanınır. Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini daimi və sarsılmaz etmişdir”.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsi dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, Vətəninə və dövlətinə həsr etmiş, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərmişdir. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.

Milli Məclisin deputatı Ülviyyə Ağayeva vurğulayıb ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətini  uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın tərəqqisini təmin etmişdir.  

Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən, müstəqil Azərbaycan dövlətinin inkişafı naminə müstəsna xidmətlərindən danışıb. O, Ulu Öndərin ideyalarının əbədiyaşar olduğunu bildirib. 

Xalq artisti Tariyel Qasımov və şair Cığatel İsaqızı çıxışlarında qeyd ediblər ki, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzsiz xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. 

Tədbirdə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bildirib ki, müasir müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyev tarix yaradan əvəzolunmaz şəxsiyyətdir. Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan dövlətçiliyini bütün təhlükələrdən qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər müasir tariximizin şərəfli dövrünü təşkil edir. 

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, partiya sıralarına qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim edilib.