YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dialoq prinsiplərinə sadiqlik...

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Prezident İlham Əliyev öz çıxışlarında Azərbaycanın ərazi bütövlüyü,  suverenliyi, milli və dövlət maraqlarınl uca tutan digər siyasi partiyalar ilə dialoqun tərəfdarı olduğunu bildirmişdir. Müxalifətdə olan bəzi siyasi partiyalar da dövlət maraqlarını uca tutmaq şərti ilə cəmiyyətdə olan nöqsanları çatdırmalıdır. Bu, dövlətimizin inkişafına, cəmiyyətdə sağlam mühitin formalaşmasına xidmət edər. Prezident İlham Əliyev hər zaman vurğulayır ki, iqtidarla digər siyasi partiyalar arasında ümummilli məsələlərdə heç bir fərqli fikir ayrılığı ola bilməz. Vətən müharibəsində ümummilli maraqları, dövlətimizin ərazi bütövlüyünü özlərinin müqəddəs amalı hesab edən siyasi partiyalar Prezident İlham Əliyevlə bir yerdə  olduqlarını bəyan etdilər. Vətən müharibəsi və sonrakı dövrdə təxribatlar törətməklə ölkədə mövcud həmrəyliyə zərbə vurmaq arzusunda olan radikal siyasi partiyaları xalq yaxından tanıdı. Nəticədə bu "qüvvələr" xalq arasında nüfuzunu itirdi, eləcə də, xalqın böyük nifrətini qazanmış oldular. Dövlətçilik və ümummilli məsələlərdə müxalif olan radikal siyasi partiyalar düşünməli, xaricdəki Azərbaycana düşmən olan qüvvələrə deyil, dövlətin inkişafına, xalqın rifahına xidmət etməlidirlər.

Prezident İlham Əliyev tərəfindən ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların normal fəaliyyət göstərməsi üçün onlara hər cür şərait yaradılmışdır. İqtidar hər zaman siyasi dialoq prinsiplərinə sadiqlik nümayiş etdirib.  Siyasi partiyalarla dialoq ölkədə açıq münasibətlərin bərqərar olmasına, siyasi proseslərə partiyaların öz münasibətlərini bildirməsinə şərait yaratmış olur. Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkəmizdə demokratik ənənələrin dərinləşməsinə xidmət edir.

"Siyasi partiyalar haqqında" Qanun layihəsinin hazırlanması və qüvvəyə minməsi ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların inkişaf etməsinə böyük təkan verəcək. Qanunda Venesiya Konvensiyasının siyasi partiyaların statusuna və fəaliyyətinə aid olan 132 tövsiyyəsindən 112 nin nəzərə alınması bu sənədin demokratikliyinə, eləcə də milli maraqlara tam uyğunluğuna zəmanət verir. "Siyasi partiyalar haqqında" yeni Qanun xarici qüvvələrin maraqlarına xidmət edən radikal "qüvvələr"in fəaliyyətinə böyük zərbədir.