YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəşər tarixinin ən dəhşətli səhifələrindən biri

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının və Samux Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 31-ci ildönümünə həsr edilmiş “Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəvi səhifələrindən biridir” mövzusunda tədbir keçirilib.

Tədbir Xocalı soyqırımı və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra faciəyə həsr olunmuş “Böyüməyən uşaqlar” sənədli filmi nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, qədim Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər tarix boyu xalqımıza qarşı xəyanətlərə əl atıblar. Belə ki, “böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər öz çirkin məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Qeyd edib ki, Xocalının işğalından 31 il keçməsinə baxmayaraq, erməni faşistlərinin və imperiya ordusunun 366-cı motoatıcı alayının Xocalının əliyalın sakinlərinə qarşı törətdikləri vəhşiliklər unudulmadı. 44 gün davam edən Vətən müharibəsində qalib gələn Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etməklə 31 il bundan əvvəl qətlə yetirilən 613 Xocalı sakininin də qisasını aldı.

Samux şəhər 6 saylı uşaq bağçasının direktoru Təhminə Əliyeva, Qarabağlar ərazi partiya təşkilatının sədri Vidadi İsayev və Ziyadlı ərazi partiya təşkilatının sədri Elvin Quluyev çıxış edərək vurğulayıblar ki, bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi ziyarət edir.

Tədbirin sonunda “Ana fəryadı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.