YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağlasığmaz cinayət

“Ermənilər tərəfindən Xocalı soyqırımının törədilməsinin 31 ili tamam olur. Xocalı soyqırımı insanlığa qarşı ən ağır cinayətlərdən biridir. Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin acı nümunəsidir. Xocalıda törədilmiş soyqırım miqyasına və qeyri-insani cəza üsullarına görə tarixə ən dəhşətli cinayət aktı kimi daxil olub. XX əsrin sonlarında dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayət idi”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi amansız, dəhşətli cinayətlər öz miqyası və icra üsulları ilə ağlasığmazdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə aylarla blokada şəraitində yaşayan Xocalı şəhəri erməni faşistləri və onların havadarları tərəfindən yerlə yeksan edilib. Dinc əhaliyə amansızlıqla divan tutulub: 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfərin isə taleyi bu günə kimi məlum deyil. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl və qocalar idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb.

S.Fətəliyevanın sözlərinə görə, Xocalı faciəsi özünün hüquqi-siyasi qiymətini yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra aldı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini çatdıraraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı.

Deputat qeyd edib ki, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və ədalətin bərpa olunması istiqamətində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir: “Hər il Azərbaycanda və dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi qurbanlarının əziz xatirəsi anılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər nəticəsində dünyanın bir sıra dövlətləri Xocalı soyqırımını rəsmən tanıyıb, bu soyqırımını pisləyən qətnamə qəbul ediblər. Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, bizim siyasətimiz, xüsusilə xaricdəki fəaliyyətimiz, Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırmağımız vəziyyəti artıq dəyişmişdir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfərin nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı və tarixi ədaləti bərpa etdi. Eyni zamanda qəhrəman Azərbaycan Ordusu Vətən müharibəsində düşmən üzərində tarixi zəfər qazanaraq bütün şəhidlərimizin, Xocalı soyqırımının günahsız qurbanlarının qisasını aldı.

“Məhz aparılan bu uğurlu siyasət nəticəsində Azərbaycan qələbəyə nail oldu. Prezident İlham Əliyev hər zaman prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib. Vətən müharibəsinin gedişində, danışıqlar prosesinin müxtəlif mərhələlərində Prezident İlham Əliyevin göstərdiyi prinsipiallıq və qətiyyət, milli maraqlarımızı cəsarətlə müdafiə etməsi, böyük diplomatik məharəti, dəqiq, məqsədyönlü, ardıcıl siyasət aparması qazanılmış tarixi qələbənin məntiqi nəticəsidir. Ali Baş Komandan İlham Əliyev, müzəffər Ordumuz xalqımıza şanlı qəhrəmanlıq tarixi bəxş etdi. Bu qələbə nəticəsində Qarabağ savaşının bütün günahsız qurbanlarının ruhu şad oldu”, -deyə Sevinc Fətəliyeva vurğulayıb.