YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu dərsi tarix boyu unutmayacaqlar

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Ermənistan zaman-zaman havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirib. Tarixi saxtalaşdırmaqla özlərinə saxta tarix yazan ermənilər dünyanı öz yalanlarına inandırmağa az da olsa müvəffəq olsalar da bu əsassız təbliğatın ömrünün heç zaman uzun olmayacağının fərqində idilər. Təbliğat real faktlara, tarixi həqiqətlərə söykənəndə inandırıcı və uzun ömürlü olur. Azərbaycanın diplomatik uğurlarının davamlılığında təbliğatın real həqiqətlərə söykənməsi əhəmiyyətli rol oynayır. 44 günlük İkinci Qarabağ müharibəsində döyüş meydanında tarixi Zəfərimizdə diplomatik uğurlarımız öz sözünü dedi. Dövlət başçısı İlham Əliyev həmin ərəfədə 30-dan artıq xarici mətbuata müsahibəsində Azərbaycan həqiqətlərini əsaslı şəkildə beynəlxalq ictimaiyyətə çatdırdı. Ermənilərin əsassız torpaq iddialarının, məkirli niyyətlərinin hansı faciələrə yol açdığı çoxəsrlik tariximizin faciəli səhifələrində öz əksini tapıb. Bu səhifələri vərəqləmək, indiki və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş verdi. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olub. Azərbaycanda aparılan rəsmi istintaq nəticəsində bunu təsdiqləyən bütün məqamlar açıqlanıb.

Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət” kampaniyası da uğurlu nəticələrini verir. 2008-ci ildə start verilən kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. “Xocalıya ədalət” kampaniyasının strateji məqsədləri Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi; Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana  görə tam olaraq kompensasiyanın ödənilməsi; müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması; Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması və Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasıdır.

Azərbaycan gəncləri 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz ilə torpaq, Vətən sevgilərini bir daha nümayiş etdirdilər. Qürurla qeyd edirik ki, şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının qisasını aldıq. Azərbaycan tarixinin Zəfər səhifəsini yazmaqla belə bir çağırışı etdi ki, beynəlxalq münasibətlər sistemində etimad mühitinin qorunması ədalətin və beynəlxalq hüququn müdafiəsindən, bunu sözdə deyil, əməldə təsdiq etməkdən keçir. Azərbaycan tarixi ədaləti bərpa etdi və Ermənistana tarix boyu unuda bilməyəcəyi dərsi verdi.