YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib

 “Heydər Əliyev İli” çərçivəsində fevralın 23-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib. Tədbirdə YAP-ın Nərimanov, Şuşa və Cəbrayıl rayon təşkilatlarının üzvü olan fəal gənclər iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Yeni Azərbaycan Partiyasının silsilə tədbirlər keçirdiyini bildirib. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini deyən S.Vəliyev dahi şəxsiyyətin ideyalarının gənc nəslə aşılanmasının vacib olduğunu söyləyib. Onun fikrincə, Heydər Əliyev fenomeninin dövlətçilik tariximizdə müstəsna rolunun gənclər tərəfindən hərtərəfli öyrənilməsi çox önəmlidir.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü Əli Həsənov gənclərlə görüşlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib. Azərbaycanda dövlət gənclər siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladan Ə.Həsənov  bildirib ki, gənclərimiz Ümummilli Liderimizin zəngin irsini dərindən öyrənməlidir.

YAP Veteranlar Şurasının üzvü qeyd edib ki, Heydər Əliyev həm SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi zaman müstəsna fəaliyyət göstərib, misilsiz işlər görüb. Ulu Öndər 1969-cu ilin iyul ayında Azərbaycanın rəhbəri seçildikdən sonra qısa müddət ərzində respublikamızı keçmiş ittifaq miqyasında ön sıralara çıxardı. Həmin dövrdə Azərbaycan hər bir sahədə böyük nailiyyətlərə imza atdı. Daha sonra ulu öndər Heydər Əliyev keçmiş SSRİ miqyasında yüksək vəzifəyə irəli çəkildi və onun nəzarətində olan hər bir sahədə tərəqqi baş verdi. 1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan inkişaf yoluna çıxdı.

Bu gün Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirdiyini deyən Əli Həsənov bildirib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın  rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizin ən parlaq səhifəsidir.

Sonra çıxış edən YAP Veteranlar Şurasının üzvü Sudeyf İmamverdiyev bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndərin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb: “Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi məhz ulu öndər Heydər Əliyevin xidmətləridir”.

Onun sözlərinə görə, 1990-cı illərin əvvəlində Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını görən 91 nəfər ziyalı Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını və ona rəhbərlik etməsini təklif etdi. Çünki xalqın ümidi məhz Heydər Əliyevə idi. Ulu Öndərin cavabı müsbət oldu, 1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyası yaradıldı, 1993-cü ilin iyun ayında isə Ümummilli Lider hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanmaqdan xilas etdi. S.İmamverdiyev deyib ki, Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycanı Prezident İlham Əliyev dünyada güclü və nüfuzlu dövlətə çevirib.

YAP Veteranlar Şurasının üzvü Ədalət Fərəcov isə çıxışında ulu öndər Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. O qeyd edib ki, hələ sovetlər dönəmində Heydər Əliyev Azərbaycana rəhbərlik edərkən 15 min nəfərə qədər gəncimizi keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərdi. Həmin gənclər təhsillərini başa vurduqdan sonra yüksək ixtisaslı mütəxəssislər kimi respublikamızın inkişafına öz töhfələrini verdilər. Eləcə də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakıda C.Naxçıvanski adına hərbi lisey yaradıldı ki, bu da hərbi sahədə milli kadrların yetişməsində mühüm rol oynadı. Bütün bunlar Azərbaycanın tərəqqisi üçün atılan addımlar idi. 1993-cü ildə hakimiyyətə qayıtması ilə Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin dönməzliyini təmin etdiyini deyən Ə.Fərəcov bu gün Prezident İlham Əliyevin ölkəmizi daha da gücləndirdiyini vurğulayıb.

Daha sonra gənclərin çoxsaylı sualları cavablandırılıb.