YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Ağdamda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində Ağdamda 23 fevral 2023-cü il tarixdə Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi və çoxşaxəli fəaliyyəti haqqında ətraflı danışıb. O, Ümummilli Liderin müstəqil Azərbaycan dövlətinin tərəqqisi naminə həyata keçirdiyi müstəsna işlərdən bəhs edib.

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, Ulu Öndərin uğurlu siyasəti sayəsində müstəqil Azərbaycan Respublikası azərbaycançılıq fəlsəfəsi əsasında bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edib. O, ölkəmizin Heydər Əliyev ideyaları əsasında uğurla inkişaf etdiyini söyləyib.

Milli Aerokosmik Agentliyinin baş direktoru, texnika elmləri doktoru, professor Natiq Cavadov  isə vurğulayıb ki,  müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.

Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, Azərbaycan xalqı bu gün Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövlətini inkişaf etdirmək, yeni-yeni uğurlar qazanmaq istiqamətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətə hərtərəfli dəstək verməkdədir. 

Daha sonra partiya veteranı Hüseyn Kazımov, YAP-ın fəal üzvü Mətanət Misirxanova  çıxışlarında vurğulayıblar ki, qazanılan bütün nailiyyətlərin əsasında Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsi dayanır.

Sonda YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiyaya üzvlük vəsiqələri təqdim olunub. Eyni zamanda, bir qrup partiya fəalı rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə fəxri fərmanla təltif edilib.