YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saltuk Düzyol: TANAP-ın tikintisi qrafikə uyğun davam edir və layihə üzrə heç bir gecikmə olmayacaq

Trans-Anadolu qaz boru kəməri – TANAP vasitəsilə Azərbaycan qazının plan üzrə Türkiyəyə 2018-ci ilin iyununda, Avropaya isə 2020-ci ilin yanvarında çatdırılması nəzərdə tutulur. Hazırda boru kəmərinin tikintisi qrafikə uyğun davam edir və layihə üzrə heç bir gecikmə olmayacaq.

Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol məlumat verib. O bildirib ki, bu il martın 17-də Qars vilayətində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə TANAP-ın təməli qoyuldu.

“Bundan sonra boru kəmərinin tikintisi aparılacaq ərazilər şirkətlərə verildi və iyun-iyul aylarında isə artıq inşaat işlərinə başlanılacaq. İlkin olaraq boru kəmərinin 56 düymlük hissəsi inşa ediləcək ki, onun da uzunluğu 1334 kilometr olacaq. Türkiyə ilə Gürcüstan sərhədində başlayacaq bu boru kəməri Əskişəhərə qədər davam edəcək və burada ilk qazı “BOTAŞ” şirkətinə verəcək. Həmçinin, iki ədəd kompressor stansiyasının və ölçmə mərkəzlərinin inşası da aparılacaq”, - deyə Saltuk Düzyol bildirib.

O qeyd edib ki, TANAP-ın inşasının 10 milyard dollarlıq investisiya qoyuluşu ilə həyata keçirilməsi nəzərdə tutulur. Ancaq son imzalanan müqavilələrdən görünür ki, tikinti işləri bu rəqəmdən az məbləğə başa gələcək.

“Layihə üzrə boru kəmərlərinin 80 faizi Türkiyədə istehsal edilir. İlk borular artıq tikinti sahələrinə gətirilib. İdxal olunan boru kəmərlərinin bir hissəsi isə İsgəndərun limanına çatdırılıb. Artıq ikinci gəmi də limana yanaşıb. Yaxın gələcəkdə tikinti işlərinə başlanılacaq. Hazırda layihə üzrə heç bir gecikmə yoxdur”, - deyə TANAP-ın baş direktoru qeyd edib.

Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin ötürücülük qabiliyyətinin 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması planlaşdırılır.

1850 kilometr uzunluğunda “Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC)-58 faiz, BOTAŞ-30 faiz və bp şirkəti-12 faiz.

 

DİGƏR Xəbərlər Arxiv