YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirilib. Bu mötəbər tədbirdə Rumıniya prezidenti Klaus Yohannisin, Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksəksəviyyəli nümayəndələri iştirak edib. Azərbaycanın təşəbbüsü ilə baş tutan bu tədbirlər qlobal enerji böhranına qarşı təsirli və təşviqedici addım kimi dəyərləndirilir. Məhz bu reallıq onu deməyə əsas verir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformalarının formalaşmasında da təsirli rola malikdir: “Bununla yanaşı atılan bu addımlar dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Məhz bu möhtəbər tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın böyük neft və qaz potensialına malik ölkə kimi dünya üçün önəmini vurğulayıb. Sözsüz ki, bu gün Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Ölkəmiz həmçinin tranzit ölkə kimi də bu prosesdə mühüm yer alır. Həyata keçirilən enerji siyasəti Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq platformasının formalaşmasına istiqamətlənib”. Deputat deyib ki, Azərbaycan tərəfindən ortaya qoyulan vacib platforma burada iştirak edən hər bir dövlətin maraqlarına uyğundur: “Bu gün Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa İttifaqının bir neçə ölkəsinə qaz ixracını həyata keçirir. Bununla yanaşı son baş verən proseslər fonunda digər Şərqi Avropa ölkələrinin Azərbaycandan “mavi yanacaq” almaq niyyətində olduğu açıq şəkildə müşahidə edilir”. Sevinc Hüseynova bildirib ki, Bakıda keçirilən mötəbər tədbirin xarakterinə nəzər saldıqda bu platformada yaxın gələcəkdə yer almaq istəyən tərəfdaşların sayının artacağı da proqnozlaşdırılır: “Burada digər önəmli məqam Şərqi Avropa ölkələrinin Azərbaycandan “mavi yanacaq” və “yaşıl enerji” idxal etmək imkanlarının geniş olmasıdır. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Məşvərət Şurası çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsinə çevrilməklə yanaşı siyasi-iqtisadi müstəvidə də yeni çağırışlar üçün zəmin yaratmış olub. Bütün bunlar isə qarşılıqlı əməkdaşlığa, yeni enerji layihələrinin reallaşması üçün təşviq edici amil kimi qəbul edilir”.