YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə və etibarlı tərəfdaşa çevirir

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Artıq doqquzuncu dəfə təşkil olunan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasının keçirilməsi Azərbaycanın Avropanın enerji təminatında artan rolunu açıq-şəkildə ortaya qoyur. İqtisadi inkişafını şaxələndirən ölkəmiz bununla da Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə deyil, alternativ enerji mənbələri hesabına da təmin etməsi işində əhəmiyyətli addım atıb”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasətinin bir sıra komponentləri xüsusi vurğulanmalıdır. Belə ki, ötən ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması digər sahələrdən fərqli olaraq, enerji təminatı sahəsində vəziyyəti xüsusilə kəskinləşdirdi. Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq etməyə başlayan Avropa özünün enerji təminatı üçün alternativ mənbələrə üz tutdu. Bu istiqamətdə ötən il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması xüsusi əhəmiyyət daşıyır. Həmin sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar. Xüsusilə vurğulamaq lazımdır ki, artıq həmin sənədin icrasına başlanıb.

Millət vəkilinin sözlərinə görə, 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə isə onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Müqayisə üçün 2021-ci ildə bu rəqəm 19 milyard kubmetr təşkil edirdi. Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uduşlu vəziyyətdir. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var.

YAP İdarə Heyətinin üzvü onu da qeyd edib ki, Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi də planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Onların 80 faizi ixrac olunacaq. Azərbaycan 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır.

Azərbaycan strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı, səhmdarı və ev sahibinə çevrilib. Bu təşəbbüsə ilk olaraq Türkiyə və Gürcüstan, sonrakı dövrdə İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya qoşulub. Hazırda yeni və potensial tərəfdaşlar arasında Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro da yer alıb. Artıq Azərbaycan hasil etdiyi qazı qonşu dövlətlərə ixrac edir və Avropa bazarına ixraca başlamaq üçün yeni kəmərlər tikilib. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri (Cənubi Qafqaz qaz boru kəməri) istifadəyə verilib və “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qaz Gürcüstan, Türkiyə və Yunanıstana ixrac edilməyə başlanıb. 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin ozamankı Baş naziri Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP (Trans-Anadolu təbii qaz boru kəməri) layihəsinə imza atılıb. 2013-cü ildə “Şahdəniz” konsorsiumu TANAP kəməri ilə daşınacaq Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Türkiyə sərhədini İtaliyanın cənubuna birləşdirən TAP (Trans-Adriatik təbii qaz boru kəməri) layihəsini seçib və kəmərin tikintisi 2020-ci ildə başa çatdırılıb. Bu layihələr “Şahdəniz” yatağını İtaliyanın cənubuna birləşdirməklə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına imkan verib.

Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışında dediyi kimi, təbii qaz ehtiyatlarımız bizim və tərəfdaşlarımız üçün ən azı yüz il kifayət edəcək. “Bu gün biz, əlbəttə ki, gələcəyə doğru baxırıq, yaşıl enerji ilə bağlı Məşvərət Şurası yaranıb. Cəmi dörd ölkə var və heyət kifayət qədər kiçikdir. Lakin onun böyüməsi potensialı var. Nəinki hökumətlər, o cümlədən şirkətlər də belə mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklər”, - deyə Azərbaycan Prezidenti qeyd edib. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə icrasına başlanan “D 230” bloku və “Şəfəq- Asiman” qaz yatağının işlənilməsi üzərində işlər davam etdirilir. Dövlət başçısı çıxışında onu da qeyd edib ki, bizim təbii qaz ixracımız artır: “Biz nəinki hasilatı, o cümlədən ixracı artıracağıq və onun coğrafiyasını genişləndiririk. Əminəm ki, bu gün layihəyə qoşulmuş ölkələr bunun faydasını artıq görürlər və görəcəklər. Həmçinin biz digər interkonnektorlarla Avropada daha çox ölkəni layihəyə qoşa biləcəyik”.

“Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə və etibarlı tərəfdaşa çevirir.  Azərbaycanın nəhəng enerji potensialı ölkəmizin daha neçə onilliklər ərzində də Avropanın enerji təminatında həlledici rol oynamasına imkan yaradacaq”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.