YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Avropanın enerji təchizatında önəmli rolu

Sevinc Qasımova

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini

Azərbaycan Avropa dövlətləri ilə ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişaf etdirilməsində hər zaman maraqlıdır. Xarici siyasətin prioritet istiqamətlərindən birinə çevrilən bu addımların davamı olaraq, bir neçə gün əvvəl Prezident İlham Əliyevin Avropa ölkəsi olan Macarıstana rəsmi səfəri baş tutdu. Bu, iki dost və tərəfdaş ölkə olan Macarıstan və Azərbaycan münasibətlərinin inkişafına dəyərli töhfə idi. Prezident İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orban ilə görüşləri olduqca səmərəli keçdi. Səfər çərçivəsində imzalanmış sənədlər, xüsusilə də “Genişləndirilmiş strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə” hər iki tərəf üçün əhəmiyyətli sənəddir. Bu bəyannamə Azərbaycanla Macarıstanın strateji tərəfdaşlıq münasibətlərini daha da genişləndirməyə, bütün sahələri əhatə etməyə hüquqi zəmin yaratdı.

Cənab Prezidentin vurğuladığı kimi, bizi Macarıstanla təkcə enerji sahəsində əməkdaşlıq birləşdirmir, digər sahələrdə əməkdaşlığımız mövcuddur. Azərbaycanın Avropanın enerji təchizatında önəmli rolunu nəzərə alsaq, Macarıstanla əməkdaşlığın gələcək üçün yaxşı potensialı olduğunu qeyd edə bilərik.

Xüsusilə vurğulamaq yerinə düşər ki, bu gün hər iki dövlətin münasibətləri təkcə ikitərəfli formatla məhdudlaşmır. Ölkələrimiz siyasi məsələlərdə həmrəydir və beynəlxalq səviyyədə bir-birinin haqlı mövqeyini müdafiə edir.

Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın baş naziri Viktor Orban təkbətək görüşdən sonra mətbuata birgə bəyanatda da önəmli məqamları qeyd ediblər. İki ölkə arasındakı müzakirələrin həmişə əhəmiyyətli olduğunu vurğulayan dövlət rəsmiləri Azərbaycan ilə Macarıstanın bir-birinə daha da yaxınlaşmasında, mövcud əməkdaşlığın dərinləşməsində bu səfərin də önəmli rol oynadığını söyləyiblər.

Bu gün Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya məkanı üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər, əməkdaşlıqla əlaqədar razılaşdırılmış məqamlar, bütün sahələrdə birgə fəaliyyətin önəminin vurğulanması bir daha bunu sübut edir.

DİGƏR Xəbərlər Arxiv