YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaşıl enerji ilə bağlı layihələr Azərbaycanı Avropa üçün daha da yaxın edəcək

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz, həm də Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir. Hər iki ölkə dost və tərəfdaş olaraq bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi bir-birinə əsirgəməyəcək.

Yanvarın 30-da Macarıstana rəsmi səfəri zamanı Prezident İlham Əliyev Budapeştdə mətbuata verdiyi bəyanatında ölkələrimiz arasında olan əlaqələri yüksək qiymətləndirərək bildirdi ki, uzun illər ərzində aparılan uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaradıb. Ölkə başçısı qeyd etdi ki,  Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi çox müasir enerji infrastrukturudur və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır. Həmçinin keçən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırır. Bu haqda danışarkən Prezident İlham Əliyev vurğuladı ki, bunun üçün resurslar, siyasi iradə və tərəfdaşlarımızla təmaslar vardır. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək. Bunun üçün hətta vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsi də canlandırılır. Ölkə başçısı bəyanatında vurğuladı ki, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun.

Ölkəmizdə mövcud olan böyük yaşıl enerji potensialı bu baxımdan Azərbaycanın önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı layihələr Azərbaycanı Avropa üçün daha da yaxın edəcək. Belə ki, Azərbaycan yaşıl enerjisini Avropaya çatdırmaqla qitənin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir.

Prezident İlham Əliyev bəyanatında Azərbaycan və Macarıstanın nəqliyyat sahəsində əməkdaşlığa dair çox böyük planlarının olduğunu qeyd etdi. Ölkələrimiz arasında dəmir yolları vasitəsilə artıq yüklərin ötürülməsinə başlanılıb. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu müasirdir və bütün lazımi tələblərə cavab verir. Belə olan halda açıq dənizlərə çıxışı olmamasına baxmayaraq Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Bundan əlavə təhsil və minatəmizləmə sahəsi Azərbaycan-Macarıstan əməkdaşlığın vacib istiqamətidir. Prezident İlham Əliyev qeyd etdi ki,  Macar şirkətləri azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında da fəaliyyət göstərəcək. Ölkəmiz maraqlıdır ki, şəhərsalma istiqamətində çox böyük təcrübəsi olan Macarıstanla  bu sahədə birgə əməkdaşlıq etsin. Bu və digər sahələri əhatə edəcək sənədlər də məhz Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı imzalanmışdır. 30 yanvar tarixində Budapeştdə ümumilikdə yeddi adda sənəd imzalanmışdır ki, bu da Azərbaycan-Macarıstan münasibətlərinin çox yüksək səviyyədə olmasının göstəricisidir.

DİGƏR Xəbərlər Arxiv