YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaşıl enerji potensialı dünya üçün Azərbaycanın önəmini daha da artırır

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycanın beynəlxalq iqtisadi əlaqələr tarixi çox zəngindir. XX əsrin sonlarında ölkəmizin yenidən öz suverenliyinə qovuşması ilə Azərbaycanın xarici iqtisadi əlaqələri genişlənmişdir, sirr deyil ki, biz bu uğurlara asanlıqla nail olmamışıq, bunun üçün böyük əmək və enerji sərf edilmişdir. Müasir dövrdə enerji siyasəti beynəlxalq münasibətlərdə aparıcı mövqe tutur. Zəngin karbohidrogen ehtiyatlarına malik olan və Avropanın enerji təminatında mühüm rol oynayan Azərbaycan neft-qaz sənayesində əldə etdiyi yeni-yeni nailiyyətlərlə beynəlxalq aləmin diqqətini cəlb edir. “Əsrin müqaviləsi” imzalandıqdan sonra ölkəmizdə həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr, eləcə də neft-qaz layihələrinin diversifikasiyalaşdırma siyasəti dünya iqtisadi sistemində Azərbaycanın mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir. Respublikamız artıq bütün dünyada enerji təhlükəsizliyinə mühüm töhfələr verən etibarlı və stabil tərəfdaş kimi tanınır, qəbul olunur. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əlyevin Macarıstana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda diqqəti cəlb edən xüsusi məqamlar var. Məlumdur ki, ötən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan köhnə qitəyə qaz təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırır. Bunun üçün resurslar, siyasi iradə də var və tərəfdaşlarla təmaslar önəmli perspektiv vəd edir. Prezident İlham Əliyev cənabları Budapeştdə verdiyi bəyanatda deyir. “Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək.” Son illərdə qlobal enerji siyasətində əsas istiqamətlərdən biri enerji keçididir. Enerji keçidi ən müasir texnologiyalar tətbiq edilməklə ənənəvi enerji resurslarının bərpa olunan enerji mənbələri ilə əvəz edilməsini özündə ehtiva edir. Bərpa olunan enerji texnologiyaları sürətli inkişafı və dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəfləri “yaşıl enerji” keçidini sürətləndirməkdədir. Ölkəmizdə yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı dünya üçün Azərbaycanın önəmini daha da artırır. Azərbaycan Respublikasının Prezidenti bu barədə bildirib: “Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq. Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir”. Əminəm ki, Azərbaycan iqtisadi siyasəti Prezident İlham Əliyev rəhbərliyi altında bundan sonra da uğurlar qazanmaqda davam edəcəkdir.