YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla təhdid dilində danışmaq olmaz

“İran hökumətinin ölkəmizə və xalqımıza qarşı əsl münasibəti özünü torpaqlarımızın 20 faizinin erməni işğalı altında olduğu 30 il ərzində bütün çılpaqlığı ilə göstərib və bu münasibət heç zaman İslam həmrəyliyi formatına uyğun olmayıb. Əksinə, məscidləri dağıdan və təhqir edən, ibadətgahlarımızda donuz saxlayan Ermənistanla münasibətlərində İran hər zaman səmimi və həmrəy olub. İşğal dövründə Azərbaycanın sərvətlərinin ermənilər tərəfindən talan edilməsində bilavasitə iştirakı, işğal altında olan Qarabağda at oynadan separatçılara silah-sursat daşınmasını həyata keçirməsi, minlərlə günahsız müsəlmanın vəhşicəsinə qətlə yetirilməsinə göz yumması İranın Azərbaycana əsl münasibətini xarakterizə edə biləcək ən real göstəricilərdir.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat səfirlik ərazisinin yerləşdiyi dövlətin ərazisi hesab olunmadığını vurğulayaraq, bu gün Tehranda baş vermiş Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu bilavasitə ölkəmizə qarşı terror aktı kimi qiymətləndirmişdir: “Yanvarın 27- də səhər saatlarında Tehranda yerləşən Azərbaycan Respublikasının İrandakı səfirliyinə olunan silahlı hücum növbəti dəfə ölkəmizə qarşı həyata keçirilmiş qanlı terror aktıdır. Hadisə nəticəsində səfirliyin təhlükəsizliyini təmin edən bir əməkdaş şəhid olmuşdur. Əlbəttə ki, bu terror aktına görə bütün məsuliyyət birbaşa İran hökumətinin üzərinə düşür. Məlumdur ki, istənilən səfirliyin ərazisi onun təmsil etdiyi ölkənin ərazisi hesab olunur və bu ərazinin təhlükəsizliyi onun yerləşdiyi ölkə tərəfindən təmin edilir. Bu baxımdan Azərbaycan səfirliyinin də mühafizəsinin təmin olunması bilavasitə İran hökuməti tərəfindən həyata keçirilməli idi. Lakin reallıqda biz bu mühafizənin ya simvolik şəkildə təşkil olunduğunu, ya da ümumiyyətlə olmadığını gördük. Digər tərəfdən də İran hakimiyyətinin ölkəmizə qarşı yürütdüyü düşmənçilik təbliğatı anti-azərbaycan qüvvələrini bir qədər də ruhlandırır, onlara daha geniş qol-qanad açmaq üçün şərait yaradır. Bu qanlı hadisə ilə əlaqədar Tehran polisi absurd açıqlamalar verib. Çox təəssüflər olsun ki, İran hökumətinin öz daxilində Azərbaycana hərbi müdaxilə üçün ictimai rəy formalaşdırılması istiqamətində atdığı addımlar son vaxtlar bir qədər də intensivləşib. Əslində bir ölkənin səfirliyinə olunan hücum elə həmin ölkənin birbaşa ərazisinə olunan hücum kimi qiymətləndirilir. Digər tərəfdən də İran ölkəmizdə dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində iş aparmaq, dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq istiqamətində səylər göstərir. Lakin Azərbaycan bu gün bütün təhdidlərin qarşısını almağa, istənilən təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadir bir ölkədir və bu ölkə ilə hədə və təhdid dilində danışmaq heç kimə fayda verməz.”