YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclərimiz gələcəyimizdir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin illər sosial-iqtisadi çağırışlar, müharibə şəraiti, müxtəlif istiqamətlərdən daxil olan ideoloji dəyərlərin gəncləri təsir altına salma cəhdləri ilə müşayiət olunurdu. Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin bərpasının ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi. 

“İyirmi beş il bundan əvvəl ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və o gündən bu günə qədər fevralın 2-də biz bu günü qeyd edirik. Ondan bir il əvvəl isə Heydər Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda Birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər gənclər siyasəti daim dövlətin prioritetləri sırasında idi. O gündən bu günə qədər bir nəsil dəyişdi və bu gün bu salonda oturan gənclər o vaxt ya hələ dünyaya gəlməmişdi, ya da balaca uşaqlar idi. Bir nəsil dəyişdi və Azərbaycan dəyişdi.” Dövlət başçısı İlham Əliyevin ötən il Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda söylədiyi bu fikirlər Azərbaycan gənclərinin keçdiyi inkişaf yolunun, hər dövrün özünəməxsus tələblərinin olduğunu təsdiqlədi. Cənab İlham Əliyev həmin dövrün reallıqlarını bu günümüz ilə müqayisə etməklə Azərbaycanın uğurları ilə qürur duyduğumuzu böyük fəxr hissi ilə qeyd etdi.

Bu gün Azərbaycan inamla irəliyə baxır. Ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapıb. Qarabağ münaqişəsi tarixə qovuşub. Azərbaycan iki ildən artıqdır tarixi Zəfərinin sevincini və reallıqlarını yaşayır. Azərbaycan bütün sahələrdə inamla addımlayır. Gənclərimizə öz potensial imkanlarını ortaya qoymaq üçün geniş imkanlar yaranıb. Dövlət başçısı İlham Əliyev bildirir: “Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.”

Azərbaycan gəncləri 44 günlük İkinci Qarabağ müharibəsində Vətən, torpaq sevgisini bir daha dünyaya nümayiş etdirdilər. 44 günlük Vətən müharibəsinin hər günü bizim üçün əzizdir, doğmadır. Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün müqəddəsdir. Gənclərimiz artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər.

Azərbaycanın hər bir uğurunda öz payı olan, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasında təmsil olunan 800 minə yaxın üzvün böyük əksəriyyətini məhz gənclər təşkil edir. Gənclərimiz bu partiyada öz potensial imkanlarını ortaya qoymaq üçün geniş meydan görürlər.
Ümummilli lider Heydər Əliyev partiyanın sıralarında gənclərin çoxluq təşkil etməsinin vacibliyini bildirirdi. Bu mühüm məqamı da xüsusi qeyd edirdi ki, gənclərimiz müstəqillik yolumuzun heç də hamar olmadığını bilməli, bugünkü inkişafa gəlib çıxmaq üçün keçdiyi yol barədə aydın təsəvvürə malik olmalıdır.

YAP-ın gənclərə diqqət və qayğısının bariz nümunəsi partiyanın tərkibində Gənclər Birliyinin fəaliyyət göstərməsidir. Gənclərin inkişafı, gənc siyasətçilərin yetişdirilməsi üçün mühüm layihələr həyata keçirilir.  Yeni Azərbaycan Partiyasının Zəfər ruhunda keçirilən VII qurultayında qəbul edilən yeni qərarlar gənclərimizin  qarşısında geniş imkanlar açmaqla, qarşıya mühüm vəzifələr də qoydu. Birliyimiz, həmrəyliyimiz bütün hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Gənclərimiz gələcəyimizdir.