YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İslamabadda əlil uşaqlar üçün mərkəzdə Heydər Əliyev Fondunun dəstəyi ilə humanitar aksiya keçirilib

Pakistan İslam Respublikası Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Al-Fərabi adına Əlil Uşaq Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə humanitar aksiya keçirilib.

Tədbirdə Pakistan Nazirlər Kabineti Xüsusi Təhsil Departamentinin baş direktoru Liaqat Məhəmməd Xan, mərkəzin direktoru Məhəmməd Şabbir, Azərbaycan-Pakistan Gənclər Forumun prezidenti Məhəmməd Asif Nur, KİV nümayəndələri iştirak ediblər.

L. M. Xan çıxışında fiziki qüsurlu uşaqlara göstərdiyi yardıma görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Fondun Pakistandakı fəaliyyətindən danışan natiq bu humanitar yardımı Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirib. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistan Prezidenti Məmnun Hüseyn tərəfindən bu ölkə qarşısındakı xidmətlərinə görə ali dövlət mükafatı – “Hilal-e-Pakistan” ordeni ilə təltif olunduğunu xatırladıb.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov çıxış edərək xalqlarımız arasındakı sarsılmaz qardaşlıq münasibətləri barədə söhbət açıb. O, Heydər Əliyev Fondu haqqında ətraflı məlumat verib, birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi bu təşkilatın Azərbaycanda və xarici ölkələrdə elm, mədəniyyət, səhiyyə və digər sahələrdə irimiqyaslı layihələr həyata keçirdiyini bildirib. D.Şikarov Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə proqramların həyata keçirildiyini vurğulayıb. O, Mehriban Əliyevanın bu ilin fevral ayında “Hilal-e-Pakistan” ordeni ilə təltif olunmasını Azərbaycanın birinci xanımının Pakistanda həyata keçirdiyi layihələrə yüksək qiymət verilməsi ilə yanaşı, bütün Azərbaycan xalqına hörmət əlaməti kimi dəyərləndirib.

M. Şabbir mərkəzin fəaliyyəti haqqında məlumat verərək deyib ki, burada 200-dən artıq uşaq təhsil və müalicə alır.

Azərbaycan-Pakistan Gənclər Forumunun Prezidenti M.A.Nur Pakistan-Azərbaycan münasibətlərindən danışıb, Azərbaycana etdiyi çoxsaylı səfərlər haqqında söhbət açıb.

Sonra səfir 50 əlil arabasını və uşaqların reabilitasiyası üçün zəruri olan xüsusi avadanlıqları Heydər Əliyev Fondu adından Mərkəzə təqdim edib.

Tədbirin sonunda Mərkəzdə təhsil alan uşaqlar konsert proqramı ilə çıxış edib, fiziki qüsurlu oğlanlar kriket oyununu nümayiş etdiriblər.

Sonra Mərkəzin sakinləri və burada çalışan texniki heyətə nahar verilib.

D.Şikarov Pakistanın aparıcı televiziya kanallarına, elektron KİV-nə müsahibə verib, Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycan-Pakistan münasibətləri haqqında söhbət açıb.