YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Mübariz Qurbanlı: Zirvə Toplantısında qəbul edilmiş Bəyannamədə Azərbaycan üçün önəmli müddəaların əksini tapması diplomatiyamızın növbəti uğurudur

«Şanxayda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında qəbul edilmiş Bəyannamədə Azərbaycanın maraqlarına tam cavab verən, önəmli müddəalar əksini tapıb. Bu, Azərbaycanın növbəti diplomatik uğurudur». Bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Bəyannamədə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı vurğulanır. Onun sözlərinə görə,  Zirvə Toplantısının iştirakçısı olan dövlət və hökumət başçıları bu sənəd vasitəsilə ölkələrin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət etdiklərini təsdiq ediblər. Eyni zamanda, Bəyannamədə separatizmin və zorakı ekstremizmin dövlətlərin suverenliyinə, birliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə ciddi təhdid olduğu  vurğulanır.

«Həmin sənədin 3.5-ci bəndi isə bilavasitə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədardır.  Bildirilir ki, Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmaması, beynəlxalq və regional təhlükəsizliyə təhlükə mənbəyi olmaqda davam etməsi narahatlıq doğurur. Sammit iştirakçıları  bu münaqişənin beynəlxalq hüququn prinsip və normaları və bu çərçivədə qəbul olunmuş qərar və sənədlər əsasında sülh yolu ilə həll olunmasını dəstəklədiklərini bildiriblər. Həmçinin, ATƏT-in Minsk qrupu bu münaqişənin həll olunması istiqamətində səylərini daha da artırmağa çağırılır. Bu sənəd Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin uğurlu nəticələr verməsinin göstəricisidir»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

Bu gün Azərbaycanın Cənubi Qafqaz bölgəsinin ən aparıcı ölkəsi olduğunu deyən M.Qurbanlının sözlərinə görə, əldə edilən nailiyyətlər Ulu öndər Heydər Əliyevin zamanında müəyyən etdiyi strateji xəttin uğurla həyata keçirilməsinin nəticəsidir. Onun sözlərinə görə, Azərbaycan Prezident İlham Əliyevin siyasəti nəticəsində beynəlxalq aləmdə ölkəmizin nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib.

«Prezident İlham Əliyev beynəlxalq münasibətlər sistemində Azərbaycanı etibarlı tərəfdaş ölkə kimi tanıdıb. Azərbaycanın xarici siyasəti praqmatik, çevik siyasətdir və hücum diplomatiyasına istinad edir. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu öz bəhrəsini verir. Azərbaycanın xarici siyasətinin hədəflərinin mahiyyətində ölkəmizin maraqlarını təmin etmək dayanır. Xarici siyasətimizin başlıca istiqamətlərindən biri də Ermənistanın Azərbaycana qarşı təcavüzünün daha geniş miqyasda ifşasına, işğalçı dövlət kimi Ermənistanın əleyhinə beynəlxalq təşkilatlarda daha çox sənədlərin qəbul edilməsinə nail olmaqdır. Bu gün Azərbaycanın xarici siyasəti coğrafi baxımdan daha geniş əraziləri əhatə etməkdədir. Bu mənada dövlətimizin Asiya ölkələri ilə fəal əməkdaşlığı müsbət nəticələr verir. Bütün bunlar diplomatik cəbhədə üstün mövqe qazanmaq baxımından əhəmiyyətlidir. Azərbaycan Prezidentinin Şanxayda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında iştirakı və sammitin sonunda qəbul olunmuş Bəyannamədə bizim üçün önəmli müddəaların əks olunması bu reallığı bir daha təsdiqləyir» - deyə, YAP İcra katibinin müavini vurğulayıb.

DİGƏR xəbərlər Arxiv