YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilmişdir

Mayın 30-da Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilmişdir.

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov toplantının bu ilin noyabrında keçiriləcək parlament seçkiləri ilə əlaqədar olduğunu bildirmişdir. Artıq ilin əvvəlindən seçkilərə hazırlıq işlərinin başlanıldığını və bu istiqamətdə  partiyanın yerli təşkilatlarına müvafiq tövsiyələrin verildiyini deyən Əli Əhmədov Yeni Azərbaycan Partiyasının bu seçkilərə yüksək əhval-ruhiyyədə getdiyini vurğulamışdır.

YAP Sədrinin müavini qeyd etmişdir ki, son parlament seçkilərindən ötən beş il ərzində Azərbaycan böyük inkişaf mərhələsi keçmişdir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri  İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz böyük uğurlar qazanmışdır. Əli Əhmədov bu illər ərzində ölkəmizdə bütün sahələr üzrə yüksək inkişafın əldə olunduğunu, əhalinin rifah halının yüksəldiyini, regionların simasının əhəmiyyətli dərəcədə dəyişdiyini və bu dəyişikliklərin hər bir vətəndaşın həyatına müsbət təsir göstərdiyini diqqətə çatdırmışdır.  

YAP-ın qarşıdan gələn parlament seçkilərinə böyük inamla getdiyini deyən Əli Əhmədov seçki kampaniyasının təbliğat mərhələsində qazanılan uğurların əhali arasında  geniş təbliğ olunmasının zəruriliyini vurğulamışdır. O, bu baxımdan, partiyanın rayon və şəhər təşkilatlarının üzərinə böyük vəzifələrin düşdüyünü bildirmişdir. Əli Əhmədov parlament seçkiləri ilə əlaqədar partiyanın yerli strukturlarının rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.

Müşavirədə YAP İcra katibinin müavinləri – Milli Məclisin deputatı Siyavuş Novruzov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iştirak etmişdir.