YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kanada parlamentində Azərbaycanla bağlı bəyanat səsləndirilib

Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, senator Yona Martin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibətilə Kanada Parlamenti Senatında bəyanatla çıxış edib.

Azərbaycanın Kanadadakı səfirliyindən bildiriblər ki, bəyanatda 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika olduğu qeyd edilir. “Respublikanın ən mühüm nailiyyətlərindən biri 1919-cu ildə qadınların seçki hüququnu tanıyaraq onlara kişilərlə eyni siyasi hüquqlar verilməsi idi. Qeyd edilməlidir ki, Kanada qadınları da səsvermə hüququnu məhz həmin ildə əldə ediblər və bu, Britaniya və ABŞ-dan illərlə öncə baş verib”, - deyə sənəddə bildirilir.

Sonra Azərbaycanın müstəqilliyinin yalnız iki il sürdüyü və Qırmızı Ordunun Bakını tutmasından sonra ölkəmizin 71 il Sovet İttifaqının tərkibində yaşamağa vadar olduğu qeyd olunur.

1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycanın hazırda regionun iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkələrindən biri olduğu bildirilir. Qeyd olunur ki, Azərbaycan bütün vətəndaşları üçün dini etiqad azadlığını təmin edən dünyəvi dövlətdir: “Buna görə də əhalisinin əksəriyyəti müsəlman olan ölkədə, yəhudi və xristian icmaları azad şəkildə dinlərinə etiqad edə bilirlər. Azərbaycan dini etiqad azadlığı və birgə yaşayışı seçdiyinə görə təqdir edilməlidir”.

Daha sonra 2013-cü ildə Kanada Parlamenti nümayəndə heyətinin tərkibində Azərbaycana səfərinə toxunan senator Martin bu səfərin ona Azərbaycanın zəngin mədəni irsi və tarixi yerləri ilə şəxsən tanış olmaq imkanı yaratdığını bildirib. O, həmçinin rastlaşdığı qadınların timsalında Azərbaycan qadınlarının həqiqi müstəqilliyinə diqqət çəkərək bu səfərdən məmnunluğunu dilə gətirib.

Senator Martin, həmçinin Bakıda olarkən Kanada şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini öyrəndiklərini qeyd edib. Bununla bağlı o, biznes və ticarətin müxtəlif sahələrində əıməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu vurğulayıb.

Sonda Yona Martin senatorları Azərbaycan icmasının Kanada mədəniyyətinə verdiyi töhfəni, Azərbaycan səfirliyinin mühüm rolunu və Azərbaycanın müstəqilliyinin 97-ci ildönümünü qeyd etməyə dəvət edib, ölkəmizə parlaq gələcək arzulayıb.