YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Azərbaycan hakimiyyəti dinə qayğı göstərir

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini icmalara maliyyə yardımı ayırmağa başlayıb. Bu məqsədlə mayın 29-da Dövlət Komitəsində maliyyə yardımı ayrılmış ilk 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

Toplantıda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışaraq bildirib ki, ayrılan maliyyə vəsaiti ölkədə dini maarifləndirmə işinə və milli mənəvi dəyərlərin təbliğinin daha da gücləndirilməsinə sərf ediləcək. Qeyd edib ki, Dövlət Komitəsində maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı Qiymətləndirmə Komissiyası yaradılıb. Komissiya icmalar tərəfindən təqdim edilən layihələri müzakirə etdikdən sonra həmin layihələrə uyğun olaraq icmalara vəsaitin ayrılması barədə qərar qəbul edilir. İcma sədrləri onlara ayrılan vəsaitin istifadə olunması ilə bağlı rəhbərlik etdikləri icma üzvlərinin rəyini də nəzərə almalıdırlar.

Dini maarifləndirmənin əhəmiyyətindən danışan Dövlət Komitəsinin sədri milli mənəvi, o cümlədən dini dəyərlərin olduğu kimi insanlara çatdırılmasının vacibliyini vurğulayıb. Mübariz Qurbanlı qeyd edib ki, icmalar tərəfindən layihələrin reallaşması, dini maarifləndirmə və milli mənəvi dəyərlərin düzgün təbliği, xüsusilə gənclərə dinin olduğu kimi izah edilməsi radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcək.

Maarifləndirmə sahəsində azərbaycançılıq ideologiyasının təbliğinə xüsusi diqqət ayrılmasının vacibliyindən danışan DQİDK sədri qeyd edib ki, ulu öndər Heydər Əliyev azərbaycançılığı dövlət ideologiyasına çevirib. Hazırda bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan hakimiyyəti dinə qayğı göstərir. Dövlət tərəfindən yeni məscidlər tikilir, tarixi-dini abidələr əsaslı şəkildə bərpa olunur. Eyni zamanda, Mübariz Qurbanlı dini icma sədrlərinin yerlərdə axund və imamlarla, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətinin vacibliyini vurğulayıb.

Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbə məscidi dini icmasının sədri İlşad Süleymanov toplantıda çıxış edərək dini sahəyə göstərdiyi diqqət və qayğıya, həmçinin dini icmalara ayrılan vəsaitə görə dövlətimizin başçısı İlham Əliyevə dindarlar adından təşəkkürünü bildirib.

Yasamal rayonu, “Xanım Zəhra” məscidi dini icmasının sədri Ramiz Tahirov isə icmalara ayrılan maliyyə vəsaitinin dini maarifləndirmə işinə və gənclər arasında düzgün təbliğatın aparılmasına müsbət təsir göstərəcəyini vurğulayıb. O qeyd edib ki, dindarlar dövlətimizin başçısının bununla bağlı Sərəncamını yüksək qiymətləndirir və bunu tarixi hadisə hesab edirlər.

 

DİGƏR Xəbərlər Arxiv