YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seulda Azərbaycanın milli bayramı qeyd edilib, birinci Avropa Oyunlarının təqdimatı olub

Ölkəmizin Koreya Respublikasındakı səfirliyi 28 May – Respublika Günü, habelə Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin yaranmasının 23-cü ildönümü münasibətilə rəsmi qəbul keçirib.

Koreyanın dövlət və hökumət rəsmilərinin, nüfuzlu ictimai-siyasi xadimlərin, ali təhsil ocaqları və “beyin mərkəzləri”nin nümayəndələrinin, diplomatların, habelə Azərbaycanda fəaliyyət göstərən Koreya şirkətlərinin rəhbər şəxslərinin iştirak etdikləri tədbirdə çıxış edən ölkəmizin Seuldakı səfiri Rəmzi Teymurov 28 May - Respublika Gününün xalqımız üçün əhəmiyyəti barədə danışıb.

Tədbir iştirakçılarını Azərbaycan Demokratik Respublikasının tarixi və həmin dövrdə əldə olunmuş nailiyyətlər barədə məlumatlandıran səfir, müasir Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərdən, Ermənistanın Azərbaycana təcavüzü və onun ağır nəticələrindən söz açıb. O, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın keçdiyi uğurlu inkişaf yolunu faktlarla diqqətə çatdırıb.

R.Teymurov Azərbaycan-Koreya münasibətlərinin əhəmiyyətini vurğulayaraq, iqtisadi, mədəni, siyasi, təhsil və digər sahələrdə münasibətlərin sürətlə inkişaf etdiyini və çoxsaylı yüksək səviyyəli səfərlərin həyata keçirildiyini bildirib.

Koreya hökuməti adından çıxış edən Okean və Balıqçılıq məsələləri üzrə naziri Yu Ki-Cun Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib. O, Azərbaycan və Koreyanın yaxın keçmişdə bir çox çətinliklərlə üzləşmələrinə baxmayaraq, öz milli kimliklərini qoruyub saxladıqlarını və bu gün tərəqqi və inkişaf yolunda inamla irəlilədiklərini diqqətə çatdırıb.

Nazir Yu Ki-Cun Koreya və Azərbaycan arasında güclü tərəfdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayaraq, növbəti illər ərzində ticarət və qarşılıqlı investisiyaların qoyuluşu sahələrində güclü inkişafın olacağına əminliyini bildirib.

Tədbir çərçivəsində “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib.