YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Nobel qardaşları və Bakı nefti. Mükafat” mövzusunda incəsənət sərgisi təşkil olunacaq

İyunun 2-5-də Bakı Ekspo Mərkəzində keçiriləcək 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) sərgisi çərçivəsində “Nobel qardaşları və Bakı nefti. Mükafat” mövzusunda incəsənət sərgisinin nümayişi təşkil olunacaq. Nobel qardaşlarına məxsus neft şirkətinin Azərbaycandakı fəaliyyətinin 135 illiyinə həsr edilən rəsm kolleksiyası “Caspian Oil and Gas” sərgisinin təşkilatçısı “Iteca Caspian” şirkətinin təşəbbüsü ilə keçiriləcək.

“Iteca Caspian” şirkətindən bildirilib ki, incəsənət sərgisinin eksklüziv sponsoru qismində bp şirkəti çıxış edir.

Alfred, Robert və Lüdviq Nobel qardaşlarını bütün dünya tanıyır və insanların əksəriyyəti üçün bu adlar ilk növbədə Nobel mükafatı ilə bağlıdır. Lakin çox az adam bilir ki, Nobel qardaşları mirasının böyük qismi o dövrün ən iri neft şirkətlərindən biri – “The Nobel Brothers Petroleum Production Company” şirkətinin fəaliyyəti nəticəsində əldə edilmiş kapitaldan ibarətdir. Bununla yanaşı, Nobel Fondunun 7-12 faizini həmin neft sənayeçilərinin Bakı və Abşeron yarımadasındakı yataqlardan əldə etdikləri vəsait təşkil edir. Beləliklə, haqlı olaraq iddia etmək olar ki, Nobel mükafatının tarixi Azərbaycanda neft hasilatının tarixi ilə bağlıdır. Bundan əlavə, Nobel qardaşları neft hasilatının inkişafına böyük töhfə veriblər. İlk neft tankeri, Qafqazda ilk neft kəməri, neft-qaz sənayesi ilə əlaqədar olan bir sıra digər innovasiyalar Nobel qardaşlarının nailiyyəti və onların Abşeron neft mədənlərindəki fəaliyyətinin nəticəsidir.

“Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov bildirib ki, biz “Caspian Oil and Gas” sərgisi çərçivəsində bu bədii sərginin təşkil olunmasını olduqca rəmzi bir hadisə hesab edirik. Neft sənayesinin təşəkkül tarixi dünyaca məşhur novatorçular - Nobel qardaşlarının adları ilə sıx şəkildə bağlıdır. “Caspian Oil and Gas” sərgisi isə ölkəmizin və neft-qaz sənayesinin bu illər ərzində əldə etdiyi nailiyyətləri əks etdirir. Qeyd etmək istərdim ki, artıq 20 ildən də çoxdur ki, ildə bir dəfə keçirilən bu sərgi ilk gündən böyük uğur qazanıb və neft-qaz sənayesinin inkişafı baxımından “Caspian Oil and Gas” sərgisinin daşıdığı əhəmiyyət ildən-ilə artır. Sərginin keçirildiyi illər ərzində çoxsaylı innovasiyalar, ölkənin neft-qaz sahəsində yeni layihələrə start verilməsi barədə ilk məlumatlar məhz burada təqdim edilib. “Nobel qardaşları və Bakı nefti. Mükafat” adlı bu nadir rəsm kolleksiyası vasitəsilə biz hər şeyin nədən başladığını bir daha xatırlamaq istəyirik. Şübhəsiz ki, rəssam İrina Eldarovanın bu sərgisi Azərbaycanda neft hasilatı tarixinin işıqlandırılması və təbliğində daha bir mühüm aksiyaya çevriləcək.

bp-nin əlaqələr, şirkətxarici işlər və təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov qeyd edib ki, biz bu füsunkar sərginin eksklüziv sponsoru olmaqdan qürur duyuruq. Ölkədəki son 20 illik fəaliyyətimiz ərzində bir çox mədəniyyət hadisələrini, o cümlədən mühüm tədqiqat işlərini, nəşrləri, incəsənət kitablarını və sərgiləri dəstəkləməklə davamlı bir ənənə yaratmışıq. Xüsusən də, biz 19-cu əsrdə Azərbaycanın ən məşhur neft maqnatı olan, həm də incəsənət mesenatı kimi tanınan Hacı Zeynalabdin Tağıyevə həsr edilən dəyərli bir nəşrin, Azərbaycanın məşhur romanlarından biri olan “Əli və Nino” əsərinə dair elmi araşdırmanın, Azərbaycanın füsunkar xalçalarından bəhs edən kitabın nəşrində və bir çox digər təşəbbüslərdə iştirak etməyimizlə fəxr edirik. Bu sərgi milli sənayeçilərlə yanaşı Azərbaycanın neft sənayesinin inkişafında mühüm rol oynamış Nobel qardaşlarnın xatirəsini yad etmək üçün gözəl bir imkandır.

 

DİGƏR Xəbərlər Arxiv