YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər Paradı xalqımızın tarixinə yazılmış qəhrəmanlıq səhifəsidir

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

İki il bundan öncə, 2020-ci il dekabrın 10-da  Bakının Azadlıq meydanında Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə keçirilən Zəfər paradı da tarixə əbədi həkk edilən hadisədir. 3000 əsgər və zabitimizlə yanaşı, qardaş, dost Türkiyənin qoşun birləşmələrinin nümayəndələrinin də Zəfər paradında iştirak etməsi isə düşmənə və onun arxasında dayanan böyük güclərə bir mesaj idi: Azərbaycan tək deyil. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib.  Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev o möhtəşəm gündə deyirdi: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə “Azərbaycanın torpaqlarını işğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyildir” fikrinin arxasında daha mühüm və gələcəyə hesablanmış hərbi-diplomatik siyasət dayanır: “Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcəkdir. Otuz illik işğal müddətində bu bölgələrin viranəyə çevrildiyini, daş üstündə daş qalmadığını hamımız birlikdə gördük. Qardaşım İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmağa belə bina tapılmamışdır. Bütün şəhərlər tarmar edilmiş, bütün kəndlər yerlə-yeksan olunmuş, məzarlıqlar belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tarmar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii sərvətləri də qarət etdilər. Bütün bu ziyanın hesabı sorulmalıdır. Bu yerdə əlavə sözə ehtityac varmı?”

Zəfərin rəmzi olan Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının təntənəli surətdə  parada gətirilməsi, Zəfər paradında 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin, həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunması birə min artırmış oldu.

Paradda Bir millət, iki dövlət olaraq Türkiyə-Azərbaycan birliyi də nümayiş olundu. Bu gün, sözün əsl mənasında, tarixi bir gün-Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günü kimi tarixə yazıldı. Paradda vətən mübarizəmizdə şəhid olan azərbaycanlıların sayı qədər - 2783 türk əsgəri iştirak etdi.  Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırdı, sevindirdi. Həm sevincli, həm də kədərli günlərində eyni sevinci, eyni kədəri keçirən Azərbaycan və Türkiyə o gün də bir yerdə, bir amalda, bir sevincin içərisində idi.  Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Qələbə Zəfərli Paradında da iştirak edir, azərbaycan xalqını Zəfər günü münasibətilə təbrik edirdi.

Xalqın dəmir yumruq kimi birləşməsi, yekdil mübarizəsi bu müharibədə qələbənin siyasi dayağı idi. 30 il səbrlə dözən xalqın hər fərdi buna ruhən hazır idi. Hələ müharibənin başlanmasından əvvəl Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında birləşmiş və birgə dəstək bəyanatı imzalaması bu müharibədə qələbə çalacağımıza inam yaratmışdı.  Bu onu göstərirdi ki, bütün fikir ayrılıqlarına baxmayaraq Vətən mövzusunda, azadlıq məsələsində xalq olaraq hər kəs öz Liderinin yanındadır, Ordu ilə nəfəs-nəfəsədir, mübarizə üçün ayaqdadır.

30 il ərizndə aparılan iqtisadi siysətin nəticəsi olan iqtisadi inkişaf, ordu quruculuğu, xalqın mənəvi birliyini təmin edən ideoloji iş bəhrəsini verdi və biz dünyanı heyrətə salan qələbəni əldə edə bildik.

Bu onun göstəricisi idi ki, Ulu Öndər Heydər Əliyevin illər öncə əsasını qoyduğu müstəqilliyimizin sükanı əmin əllərdədir, onu Müzəffər ali Baş Komandan İlham Əliyev kimi siyasətçi, diplomat qələbələrə aparır və aparacaqdır!

Şanlı tariximizəin qızıl səhifəsi olan 44 gündə Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etmədi. Bu tarixi qələbə ilə erməni mifi də məhv edilmiş oldu. Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məhv etdi. Ermənilərin uzun illər yaratdıqları mifi darmadağın oldu. Onlar öz ordusu haqqında guya Ermənistan ordusu yenilməz ordudur mifi yaratmaqla eyforiyadan məst olmuşdular. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan xalqı nəyə qadir olduğunu, səbrin də son həddi olduğunu bütün dünyaya göstərdi.

 Bəli, dekabrın 10-da bu qələbə sevincimizi Qələbə Paradını keçirməklə qeyd etdik. İşğal olunan torpaqlarda dalğalanan Qələbə bayrağımız da parada gətirilməklə qalib ordumuzun bölmələrini, döyüş texnikalarımızı nümayiş etdirməklə hərbi gücümüzü dünyaya nümayiş etdirdik. Xalq olaraq ayağa qalxanda, öz rəhbərimizin, Liderimizin ətrafında birləşərək hayqıranda qarşımızda kimsənin dayana bilməyəcəyini sübut elədik.

Zəfər Paradını Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etməsi isə bir millət olan iki dövlət arasında qardaşlıq münasibətlərinin rəmzi kimi dünyaya nümayiş olundu. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisə kimi yaddaşlara yazılmış oldu.