YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcər Azərbaycanın qədim məskənlərindən biridir

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Azərbaycanın hər qarış torpağı Vətəndir, Vətənin bir parçasıdır. Bu torpaq uğrunda minlərlə şəhidimizin qanı axıb. Şəhid qanı ilə suvarılmış Kəlbəcər bu gün azaddır, düşmənin tapdağı altında deyil.

Kəlbəcər Azərbaycanda ən qədim insan məskənlərindən biridir. Rayon ərazisində aşkarlanan bir çox tarixi tapıntılar, 3500-ə qədər qaya təsvirləri ərazinin qədim insan məskəni olduğunu isbat edir. Kəlbəcərdə qədim qalalar, alban abidələri, daşlar üzərində yazılar, qəbirüstü qoçlar və atlar, daşdan yonulmuş müxtəlif fiqurlar, bəzək daşları və bunun kimi qədim tariximizin yadigarları olduqca çox idi. Rayon ərazisində yerləşən Xudavəng monastrı, Zar mağarası, Comərd qalası, Löh qalası kimi abidələr Azərbaycan tarixinin əzəmətini, mədəni sərvətlərimizin tükənməzliyini bütün dünyaya nümayiş etdirən tarixi abidələrdir. Təəssüf ki, mənfur qonşu 27 il ərzində bu tarixi abidələrin bir çoxunu dağıdıb, talayıb və özününküləşdirməyə çalışıb, abidələr üzərində saxtalaşdırmalar aparıb. Əminik ki, həmin tarixi abidələr dövlətimiz tərəfindən bərpa ediləcək, bu sərvətlərimiz dünya tarixinin qiymətli maddi-mədəniyyət nümunələri kimi UNESCO-nun ümumdünya irsi obyektlərinin siyahısına daxil ediləcəkdir.

Kəlbəcər torpağı həm də mədəniyyətin, sazın-sözün beşiyi, qüdrətli sənətkarların yetişdiyi bir diyardır. Klassik ədəbiyyatımızın ustadı Ağdabanlı Şair Qurbandan və XX əsr Azərbaycan ədəbiyyatının, eləcə də aşıq sənətinin görkəmli nümayəndəsi ustad Dədə Şəmşirdən başlayaraq Kəlbəcərdə zəngin ədəbi mühit formalaşıb, bu gün də həmin mühit yaşayır və inkişaf edir.

Hələ 1989-cu ildə Dədə Şəmşirin yurdunu - Ağdabanı ikinci Xocalıya çevirdilər. Hücumdan xəbərsiz kənd əhalisi başıaçıq-ayaqyalın qarlı meşələrə, dağlara çəkildi. Kəndi müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qalmışdı. Bu qanlı faciə zamanı 31 ağdabanlı - qoca, qadın, uşaq həlak oldu, iki nəfər evdə diri-diri yandırıldı, 7 nəfər  isə girov kimi aparıldı. Kənd bütünlüklə odlara qalandı. Səhər tezdən köməyə gələn yerli özünümüdafiə batalyonunun 6 döyüşçüsü də pusquya düşərək həlak oldu. Hərbçilər və mülki adamlar yolda gülləbarana tutuldular.

Bu hadisə sıradan bir hadisə deyildi və onu göstərirdi ki, ermənilərin əsas məqsədlərindən biri Kəlbəcəri işğal etmək, Qarabağla birbaşa təmas qurmaq istəyirlər.

3 aprel 1993-cü il. O müdhiş günü xatırladıqca qəlbimizdən ağrılar qopur. Mənfur və vandal ermənilər o gün Kəlbəcəri işğal etdilər. Əliyalın, silahsız indanlara qarşı amansız münasibət, terror bu qaniçənlərdə vicdan, mərhəmət hissinin olmadığını bir daha sübut elədi. Türk qanına, müsəlman qanına susamış erməni qəsbkarları yüzlərlə insanımızı qətlə yetirdilər. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcərin 511 nəfər dinc sakini öldürüldü, 321-i əsir götürüldü, 58 mini ata-baba yurdundan didərgin düşdü. İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi yerlə-yeksan edildi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13000 fərdi ev dağıdıldı, 37852 hektar meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edildi. Rayonun işğalından sonra maddi-mədəniyyət abidələri məhv edildi. Belə ki, rayonun Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdardakı Alban kilsəsi, Qanlıkənddəki Lök qalası, Qaraçanlıdakı Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynundakı qala, Comərddəki Comərd qalası, Qamışlıdakı Keşikçi qalası, Kəlbəcər şəhərində, Başlıbel və Otaqlı kəndlərində məscidlər, Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət evi, Söyüdlüdəki Seyid Əsədulla ziyarətgahı və digər onlarca mədəni-tarixi və dini abidələr dağıdılaraq yerlə-yeksan olundu.

Erməni vandallarının əməlləri barədə BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etdi. Bu qətnamə BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin işğalından bir neçə gün sonra, 1993-cü il aprelin 30-da keçirilən iclasında qəbul olunmuşdu. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Lakin nə BMT, nə də ATƏT-in Mİnsk qrupu bu qərarın yerinə yetirilməsinə cəjhd belə göstərmədilər. Sanki kağız üzərində qalması üçün qəbul edilmiş qətnamə gözdən pərdə asma üçünmüş. Yeganə çıxış yolu xalqımızın iradəsi idi.

Ulu Öndər Heydər Əliyev 1996-cı il aprel ayının 1-də kəlbəcərlilərlə görüşündə çox böyük uzaqgörənliklə və əminliklə deyirdi ki, “Kəlbəcər yenə də öz keçmiş, gözəl dövrünə qayıdacaq və gələcəkdə ondan da gözəl olacaqdır. O gün həm kəlbəcərlilər üçün, həm də bizim üçün əziz olacaqdır”.

“Hər qaranlıq gecənin bir gündüzü var”-deyib atalar. Bu gecənin gündüzə çıxmasaı çox  uzun sürdü. Düz 27 il davam elədi bu qaranlıq gecə. Çox kəlbəcərli bu səhərin açılmasını görə bilmədi. Doğma yurd həsrəti ilə haqq dünyasına qovuşdu.

... Və nəhayət o gün gəldi, həm də cəmi 44 günlük Vətən müharibəsinin Zəfər Qələbəsi ilə! 2020-ci ilin 27 sentyabrında  başlayan  Vətən müharibəsi Qarabağın, o cümlədən Kəlbəcərin də işğalına son qoydu. Düşmən layiqli cavabını alaraq hətta Kəlbəcəri, Laçını və Ağdamı döyüşsüz təslim etdi. Bu Zəfər yurdundan, doğma torpağından didərgin salınmış məcburi köçkünlərin geri qayıtması üçün yollar açdı. 2020-ci ilin 25 noyabrı da  xalqımızın şərəf tarixinə parlaq hərflərlə yazıldı. Bu gün Azərbaycanımızın zümrüd qaşı, Qarabağın qala qapısı Kəlbəcərimizin işğalına son qoyuldu. 27 illik ayrılıqdan, həsrətdən, niskildən, acınacaqlı didərginlik həyatından sonra kəlbəcərli yurddaşlarımız, nəhayət ki, öz dədə-baba yurdlarına dönürlər.

25 noyabr -Ulu Öndərimizin haqqında bəhs etdiyi, hamımız üçün əziz olan gün - Qarabağın qala qapısı Kəlbəcərin işğaldan azad olunduğu gündür! Bu şanlı gündə bütün arzuları həyata keçən Ulu Öndərimizin ruhunu bir daha hörmət və izzətlə anır, bu müqəddəs arzuları həyata keçirən möhtərəm Prezidentimizə, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə bir daha sonsuz hörmət və ehtiramımızı bildiririk.

44 günlük Vətən savaşında qazanılan qələbə ermənilərin məğlubedilməzliyi barədə yaradılmış mif Azərbaycan Ordusu tərəfindən darmadağın edildi və Kəlbəcərdən Xankəndiyə gedən yol da, onun haqqındakı süni hekayə də puç oldu.

Ermənistanın və erməni diasporunun puç olmuş hekayəsinin əvəzində Azərbaycan yeni bir reallıq yaratdı. Bu yeni reallığın ən əlamətdar təzahürlərindən biri Prezident İlham Əliyevin təməlini qoyduğu, Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcək 81 kilometrlik Toğana-Kəlbəcər avtomobil yolu və onun üzərində Murovdağda inşa ediləcək 11,6 kilometrlik tuneldir. Hətta Sovet dövrünün ən çiçəklənən vaxtında belə, bu cür çətin coğrafi relyefdə tunel çəkmək mümkün olmayıb.

Bu gün isə Azərbaycan özü bu yolu və tuneli inşa edir. Bu, bir daha sübut edir ki, güclü Azərbaycan miskin Ermənistanın əksinə olaraq daş sökməyə, unitaz daşımağa, ev yandırmağa deyil, qurmağa, yaratmağa, Kəlbəcəri və bütün işğaldan azad edilmiş ərazilərimizi çiçəklənmiş diyara çevirmək üçün qayıdıb. Azərbaycanın Müzəffər Ali Baş Komnadanı cənab prezident İlham Əliyev xalqın qüdrəti və əzmi ilə silahlandığından həm cəbhədə, həm də quruculuq işlərində qalib olduğunu bir daha təsdiqlədi. Tezliklə  açılacaq bu yol azad Kəlbəcərin çiçəklənməsi və inkişafı üçün özül olacaqdır.

Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün apardığı bu Vətən müharibəsində əldə etdiyi tarixi qələbəsi ilə, əslində, bütün Qafqazı erməni faşizmindən xilas etdi. Eyni zamanda da bu qələbə erməni faşizminin bütün bəşəriyyət üçün nə dərəcədə təhlükəli bir cərəyan olduğunu bütün dünyaya göstərdi. Torpaqlarımızı işğaldan azad edərkən canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgərlərimizə şəfa diləyirik. Biz onlara sonsuz minnətdarıq, onlarla fəxr edirik və qürur duyuruq.