YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransadakı Azərbaycan icması bəyanat yayıb

Fransadakı Azərbaycan icması Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni yaradılan, heç bir ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma rejimin nümayəndəsi Bako Saakyan və onu müşayiət edən şəxslərin mayın 17-19-da Fransaya səfərini, eləcə də Drom departamentinin Villörbann və Sarsel şəhərləri ilə hazırda işğal altında olan Azərbaycanın mədəniyyət beşiyi Şuşa və Ağdərə şəhərləri arasında “dostluq və qardaşlıq xartiyası”nın imzalanmasını pisləyən bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Azərbaycanın qədim şəhərləri olan Şuşa və Ağdərə 20 ildən artıqdır Ermənistanın işğalı altındadır. İstər seperatçı rejimin “prezidenti”nin Fransaya səfərinin, istərsə də işğal altında olan Azərbaycanın iki şəhəri ilə “dostluq və qardaşlıq xartiyası”na dair sənədin imzalanmasının heç bir beynəlxalq hüquqi əsası yoxdur. Bu, yalnız Azərbaycan ilə Fransa arasında inkişaf etməkdə olan dostluq əlaqələrinə xələl gətirə bilər.

Bəyanatda vurğulanır ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Buna görə də Azərbaycanın işğal altındakı Şuşa və Ağdarə şəhərləri ilə Fransanın Drom departamentinin Villörbann və Sarsel şəhərləri arasında “əməkdaşlıq və dostluq xartiyası”na dair sənədin imzalanması beynəlxalq hüquq prinsiplərinə tamamilə ziddir.

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyi, bir milyondan artıq azərbaycanlının doğma yurdlarından silah gücünə çıxarıldığı, əsir və girov götürülən günahsız soydaşlarımızın erməni düşərgələrində insanlığa yaraşmayan işgəncələrə məruz qaldığı və onların taleyindən heç bir xəbər olmadığı bəyanatda öz əksini tapıb.

Bəyanatda Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində minlərlə evin və inzibati binanın, məktəblərin, tibb müəsisələrinin, mədəniyyət saraylarının, kitabxanaların, tarixi abidələrin, muzeylərin, kənd təsərrüfatı və sənaye obyektlərinin, su hövzələrinin vəhşicəsinə yerlə-yeksan edildiyi qeyd olunub.

Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yeridən ermənilərin 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan şəhəri Xocalıda törətdikləri vəhşiliklər, qəddarlıqla həyata keçirilən soyqırımı zamanı hətta dinc sakinlərə belə aman verilmədiyi, qadınların və uşaqların amansızlıqla qətlə yetirildiyi bəyanatda diqqətə çatdırılıb.

Daha sonra bəyanatda qeyd olunur ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini heç bir şərt qoymadan azad etməsi barədə Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə baxmayaraq bu təcavüzkar ölkə öz işğalçılıq siyasətini indi də davam etdirir, işğal etdiyi ərazilərdə qeyri-qanuni olaraq əhali yerləşdirir.

Bəyanatın sonunda deyilir: Biz ümid edirik ki, beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa münaqişənin ədalətli və düzgün həllinin axtarışında, Azərbaycan ərazisinin bütövlüyünün təmin edilməsində öz səylərini əsirgəməyəcək.

Bəyanat Drom departamentinin rəhbərlərinə, senator və deputatlarına və digər rəsmi təşkilatlara göndərilib.