YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hacıbala Abutalıbov: Yanğından zərər çəkən vətəndaşlar müvəqqəti olaraq evlə təmin ediləcəklər

Yanğından zərər çəkən vətəndaşlar müvəqqəti olaraq ayrı-ayrı yerlərdə evlə təmin ediləcəklər.

Bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov mayın 19-da Binəqədi rayonu ərazisində yanmış binanın sakinləri ilə görüşdə söyləyib.

Sakinlərlə görüşdən sonra jurnalistlərə açıqlamasında Hacıbala Abutalıbov bildirib ki, bu məsələ dövlətimizin başçısının diqqət mərkəzindədir. Baş vermiş yanğınla əlaqədar Azərbaycan Prezidentinin Sərəncamı ilə xüsusi Dövlət Komissiyası yaradılıb. Komissiya hadisənin səbəblərini araşdırır.

Hacıbala Abutalıbov deyib ki, yanğın nəticəsində evsiz qalanlar müvəqqəti olaraq evlərlə təmin ediləcəklər. Dəyən ziyandan asılı olmayaraq, sakinlərə bu gün 1000 manat məbləğində kompensasiya veriləcək. Ziyanın məbləği sabaha qədər müəyyənləşdiriləcək. Evləri yanan sakinlərə ən yüksək məbləğdə maddi kömək göstəriləcək, məktəbli uşaqlar üçün avtobuslar təşkil olunacaq.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin hazırda araşdırma apardığını vurğulayan Hacıbala Abutalıbov binanın yararsız olması barədə rəyin veriləcəyi təqdirdə onun tam söküləcəyini bildirib. Qeyd edib ki, əgər binanın yararlı olduğu bildirilərsə, yüksək səviyyədə təmir işləri aparılacaq, mənzillər əşya və avadanlıqla təmin edilərək sakinlərin istifadəsinə veriləcək.