YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İyad bin Amin Mədəni: Azərbaycan İslam dünyasının tərəqqisinə mühüm töhfə verir

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, X.Xələfov İslam dünyası və mədəniyyətinin bir hissəsi olan Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərə böyük önəm verdiyini bildirib. O, Ermənistanın Azərbaycana qarşı təcavüzünün İƏT tərəfindən qəti şəkildə pislənməsinin və Azərbaycanın ədalətli mövqeyinin davamlı şəkildə dəstəklənməsinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

X.Xələfov geniş və həssas coğrafiyanı əhatə edən İslam dünyasında baş verən proseslər, çağırış və problemlərin müzakirəsi və həllində İƏT-in çox vacib platforma rolunu oynadığını vurğulayıb.

Baş katib İyad bin Amin Mədəni Azərbaycana hər səfəri zamanı müşahidə etdiyi inkişafın onda xoş təəssüratlar yaratdığını deyib. O, inkişaf edən Azərbaycanın ümumilikdə İslam dünyasının tərəqqisinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

İƏT-ə üzv dövlətlərin əhatə etdiyi coğrafiya boyunca hazırkı problemli proseslərdən bəhs edən baş katib Küveytdə keçiriləcək İƏT xarici işlər nazirlərinin toplantısında bu məsələlərin əsas müzakirə mövzusu olacağını bildirib.

Bas katib bu xüsusda Yəməndə cari vəziyyətin narahatlıq doğurduğunu və bu məsələnin İƏT Nazirlər Toplantısının növbədənkənar iclasında müzakirə ediləcəyini bildirib.

X.Xələfov Yəmənə sülh gətirəcək fəaliyyətin, ümumilikdə İƏT çərçivəsində sülhə və əməkdaşlığa xidmət edən səylərin Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

Terrordan əziyyət çəkən bir ölkə kimi Azərbaycanın terrorçuluqla mübarizə sahəsində əməkdaşlığa xüsusi önəm verdiyini deyən X.Xələfov bu mübarizədə milli təşəbbüslərin beynəlxalq təşəbbüslərlə üst-üstə düşməsinin və beynəlxalq həmrəyliyin nümayiş etdirilməsinin zəruri olduğunu vurğulayıb.

Görüşdə, həmçinin İƏT-in son fəaliyyət istiqamətləri və Küveytdə keçiriləcək Nazirlər Toplantısının gündəliyi barədə fikir mübadiləsi aparılıb.