YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında iştirak etmişdir

Mayın 21-də Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısı keçirilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Toplantısında iştirak etmişdir.

Zirvə toplantısı dövlət və hökumət başçılarının Şanxay Ekspo Mərkəzində qarşılanma mərasimi ilə başlamışdır.

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, həmçinin digər dövlət və hökumət başçılarını qarşıladı.

Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Sonra Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısının birinci iclası keçirildi.

İclası açıq elan edən Çin Xalq Respublikasının sədri Si Cinpin nümayəndə heyətlərinin başçılarını salamladı. O, dünyada təhlükəsizliyin təmin olunmasının önəminə diqqət çəkərək bunun dialoq və çoxtərəfli əməkdaşlıq sayəsində mümkün olduğunu vurğuladı. Bildirdi ki, regional və beynəlxalq səviyyədə əməkdaşlıq Müşavirə iştirakçı ölkələrin yürütdüyü siyasətin əsas tərkib hissəsi olmalıdır. Si Cinpin Müşavirənin bundan əvvəl Türkiyənin sədrliyi ilə uğurlu yol keçdiyini, bir çox vacib qərarların qəbul edildiyini bildirdi, Qətərin və Banqladeşin Müşavirəyə bərabərhüquqlu üzv qəbul olunduğunu diqqətə çatdırdı. O, Zirvə Toplantısının əsas müzakirə mövzularının regionda və dünyada beynəlxalq təhlükəsizlik məsələlərinə həsr edildiyini vurğuladı.

Bundan əvvəl quruma sədrlik edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirdi ki, bu Müşavirə dörd milyard insanın yaşadığı regionda təhlükəsizlik məsələlərinin həll olunmasına böyük dəstək verir. Müşavirənin təhlükəsizlik baxımından yeni konsepsiyanın qəbul olunmasına geniş imkanlar açdığını deyən Ə.Davudoğlu qurumun digər beynəlxalq təşkilatlarla əlaqələrinə də toxundu. Türkiyə xarici siyasət idarəsinin rəhbəri 2016-cı ilə qədər Müşavirəyə sədrliyi Çinin həyata keçirəcəyini diqqətə çatdırdı.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi.

“Sülh, sabitlik və əməkdaşlıq yönümlü yeni Asiyanın qurulması üçün dialoqun, qarşılıqlı etibarın və birgə fəaliyyətin möhkəmləndirilməsi” mövzusunda keçirilən tədbirdə 10-dan çox ölkənin dövlət başçısı, yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak edirdi.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin yaradılmasına dair təşəbbüsü Qazaxıstan Prezidenti Nursultan Nazarbayev irəli sürmüşdür. Birinci və ikinci Zirvə toplantıları 2002-ci və 2006-cı illərdə Almatıda, üçüncü iclas isə 2010-cu ildə İstanbulda keçirilmişdir. Hazırda təşkilatın Azərbaycan da daxil olmaqla 24 üzvü vardır.

Şanxay Zirvə Toplantısında bəyannamə qəbul edildi.