YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri qurtuluşa gedən yolun pilləsi idi

Müşfiq Cəfərov

Milli Məclisin deputatı

3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa gedən yolun pilləsi idi. Həmin gün Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi, xilaskarını, yəni Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən ümummilli lider ölkəmizi böyük bəlalardan, faciələrdən xilas edib, sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxartdı. Bununla da xalq öz xilaskarı missiyasını Heydər Əliyevə həvalə etdi.

Ölkənin və xalqın ən ağrılı anında xilaskarlıq missiyasını layiqincə yerinə yetirən Ulu Öndər daxili və xarici siyasətdə qısa zamanda böyük naliyyətlər əldə etdi. Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist insan olaraq hadisələrə praqmatik yanaşırdı, şəraiti düzgün təhlil edib, qiymətləndirirdi və ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir.

Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətinin əsas tərkib hissəsidir. Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi məhz ulu öndər Heydər Əliyevdir. Onun Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edirdi. Bu dahi siyasətçi bütün dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirməyi də bacardı. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi tədricən dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrildi.

Ümummilli liderin dövləti və xalqı üçün xidmətləri saymaqla bitməz. Bunlardan sadəcə bəziləri xatırlatmaqla yeni nəslin Azərbaycan dahisini və gənc dövlətimizin keçdiyi keşməkeşli yolu unutmamasını şərtləndirmək lazımdır. Bugünkü müstəqillik və demokratiya asan əldə olunmayıb, bu səbəbdən hər kəs bizə bəxş edilən bu vacib nemətin dəyərini bilməlidir.

Ulu Öndər Heydər Əliyev beynəlxalq münasibətlər sistemində Azərbaycan həqiqətlərinin carçısı olub. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz ümummilli liderdir.