YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaş rayonunda şəhidlərin ildönümü qeyd olunub

Azərbaycanın 44 günlük Vətən müharibəsində Ağdaş rayonunun şəhidləri -  Mustafayev Siyasət Akif oğlunun, Məmmədov Kənan Hüseyin oğlunun və İbrahimxəlilov Soyxan Eldəniz oğlunun şəhadətlərinin ikinci ildönümü qeyd olunub. Bu münasibətlə şəhidlərin doğulub-böyüdüyü və ailələrinin yaşadığı Pirəyir, Kotavan və Ağzıbir kəndlərində mərasimlər keçirilib.

 Mərasimlərdə Yeni Azərbayan Pariyası İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov, YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov və partiya fəalları, İcra  Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər.

Mərasim iştirakçıları vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla anıb,  ruhlarına dualar oxuyub, onların döyüş yolu barədə söhbət açıb, valideyinlərinə başsağlığı veriblər.

Qeyd ədək ki, Mustafayev Siyasət Akif oğlu 1996-cı il mayın 2-də Ağdaş rayonunun Abad kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Siyasət Mustafayev Tərtərin Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Məmmədov Kənan Hüseyin oğlu 17 iyul 1993-cü ildə Ağdaş rayonunun Kotavan kəndində anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edən gizir  Kənan Məmmədov 2016-cı ilin Aprel döyüşlərində də şücaətlə iştirak edib.  28 sentyabrda Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və  “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif olunub.

İbrahimxəlilov Soyxan Eldəniz oğlu 6 avqust 2001-ci ildə Ağdaş rayonunun Ağzıbir kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Söyxan İbrahimxəlilov Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə vuruşaraq şəhid olub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və  “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.