YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

İki dövlət, bir hədəf – TƏHLİL / VİDEO

Azərbaycan və Türkiyə. Dünyada bir-birinə mənəvi-siyasi cəhətdən ən yaxın iki dövlət.

Ölkələrimizi birləşdirən amillər çoxdur. Ən əsası ortaq tarixi keçmiş və milli-mənəvi dəyərlər, dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimizdir. Birliyimiz - həmrəyliyimiz isə dünyaya nümunədir.

İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Postmüharibə dövrünün reallıqları da bu gerçəkliyi təsdiqləyir. Şuşa zirvəsində Azərbaycan ilə Türkiyənin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi - Şuşa Bəyannaməsinin imzalanması isə şanlı tariximizin ən qürurverici səhifələrindən biridir. Bu, ilk növbədə, iki qardaş ölkənin əlaqələrinin, birliyinin - həmrəyliyinin sarsılmaz olduğunu göstərdi. Bir daha bəlli oldu ki, Azərbaycan-Türkiyə münasibətləri bütün siyasi hadisələr və proseslərin fövqündədir.

Birlik anlayışımız, həmrəylik fəlsəfəmiz isə həm milli, həm regional miqyaslı, həm də bəşəri xarakterlidir. Azərbaycan ilə Türkiyənin təşəbbüsləri, fəaliyyəti, eyni zamanda, İslam coğrafiyasında, Türk dünyasında sülhə, təhlükəsizliyə, əməkdaşlığa və ən əsası, həmrəyliyə yönəlib.

Qardaş ölkənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları çərçivəsində müşahidə olunan reallıqlar, dünyaya verilən mesajlar da bu gerçəkliyi ifadə edir.

Hələ 5 il əvvəl Azərbaycanın paytaxtı Bakı IV İslam Həmrəyliyi Oyunlarına uğurla və nümunəvi şəkildə ev sahibliyi etməklə dünyaya barış, mehriban birgəyaşayış çağırışı etdi, sivilizasiyalararası dialoqun təşviqini həyata keçirdi. İdman bayramı, sözün əsl mənasında, həmrəylik amilinə çevrildi. Azərbaycan İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərdi.

Bu gün isə qardaş ölkədə həm İslam həmrəyliyinə təşviq və çağırış, həm də Azərbaycan-Türkiyə birliyinin təntənəsi müşahidə edilir.

Heç şübhəsiz, iki ölkənin bir təşəbbüsü - müsəlman həmrəyliyinə töhfəsi ümumbəşəri xarakter daşıyır, dünya siyasi və mədəni irsinin qorunmasına, zənginləşməsinə, mədəniyyətlər arasında dialoq və inteqrasiyaya xidmət edir. 

Bir millətin iki dövlətinin hədəfi də, sözü də birdir. İki qardaş ölkənin Liderləri istənilən məkan və zamanda söz ilə əməlin vəhdətini nümayiş etdirir, yeni zirvələrə birlikdə addımlayırlar. Bu, həm daha güclü Türkiyə və Azərbaycan deməkdir, həm də regionda, İslam coğrafiyasında, Türk dünyasında və dünyada sülhə, firavanlığa qarşılıqlı anlaşmaya və həmrəyliyə töhfədir. Biz birlikdə güclüyük!