YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulması əsas çağırışdır

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri 

Azərbaycanın dayanıqlı inkişafında islahatlar əsas rol oynayır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı quruculuq işlərinin aparılması da ölkəmizin iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır ki, bu da düşünülmüş və gələcəyə hesablanmış siyasətin nəticəsidir.  Azərbaycan gündəmə gətirdiyi hər bir layihəni daim zamanında və yüksək səviyyədə başa çatdırır.  Bu gün dünyaya təkmil dirçəliş modelini təqdim edən Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi «ağıllı şəhər» və «ağıllı kənd» layihəsi barədə beynəlxalq səviyyədə səsləndirilən fikirlər də bunu təsdiqləyir.  

Dövlət başçısı İlham Əliyev iyunun 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatdakı nitqində bir daha bildirmişdir ki, ümumilikdə, yenidənqurma prosesində  hədəfimiz keyfiyyət və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması prioritetlərimiz sırasında olacaq.

O da məlumdur ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə  təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də növbəti onillikdə beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulur: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;  dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;  rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Məhz bu kimi addımlara söykənərək cənab İlham Əliyev Forumdakı nitqində əsas hədəfin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşası olduğunu açıqladı. Bildirdi ki, yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.

Cənab İlham Əliyevin Azərbaycanın Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusunda olduğunu bildirməsi də ölkəmizin  yüksək səviyyəli  beynəlxalq tədbirlər üçün əsas məkan seçilməsindən və bu sahədə zəngin  təcrübəyə malik olmasından irəli gəlir. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycan iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Hətta  bu gün azad Qarabağımız,  azad Şuşamız da  belə bir missiyanı uğurla yerinə yetirir. Maraqlısı budur ki, ölkəmizin ev sahibliyi etdiyi  beynəlxalq tədbirlərin əksəriyyətində iştirakçılara işğaldan azad edilmiş ərazilərimizdə olub bu torpaqlarda aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olmaq  imkanları yaradılır.  Azərbaycanın qısa müddətdə gördüyü genişmiqyaslı bərpa-quruculuq işləri xarici qonaqları heyrətləndirir. Bütün bunlar onu təsdiqləyir ki, Azəbaycan 30 ildə müharibə şəraitində yaşasa da Qələbəyə  hazırlaşmış, bütün sahələr üzrə mühüm  uğurlara imza atmışdır. Hər bir ölkənin tərəqqisində əhəmiyyətli rol oynayan iqtisadi inkişaf  dövlət siyasətimizin əsasında dayanır. Bu gün işğaldan azad edilmiş ərazilərimizin malik olduğu potensialdan səmərəli istifadəni təşkil etmək üçün addımlar atılır. İqtisadi rayonların yeni bölgüsünün aparılması, həmçinin yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması da deyilənlərin təsdiqidir.

Bu gün işğaldan azad edilmiş ərazilərimizə diqqət yetirsək, hər biri müasir tələblər səviyyəsində görülən işlərin miqyası ilə diqqətdədir. Təkcə dövlət başçısı İlham Əliyevin son  Kəlbəcər və Laçın rayonlarına  səfəri çərçivəsində açılışı və təməlqoyma mərasimi keçirilən sosial obyektlərin say tərkibinə nəzər salmaq kifayətdir. Bütün addımlar ümumilikdə Böyük Qayıdışa xidmət edir. Cənab İlham Əliyev bildirir ki, soydaşlarımız ən yüksək yaşayışla və xidmətlə təmin edilməlidirlər. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, DOST mərkəzlərinin bu ərazilərdə də yaradılacağı bildirilir. Bu torpaqların tamamilə  müasir tələblər səviyyəsində qurulması  əsas çağırışdır. Həmin ərazilərdə təkmil idarəetmə sisteminin yaradılması sonrakı proseslərin aydın mənzərəsini yaradır.

Məhz istər paytaxt Bakımızın, istərsə də işğaldan azad edilmiş şəhərlərimizin bərpası, simasının yenilənməsi, müasirləşməsi  yönümündə atılan addımların uğurlu nəticəsidir ki, Azərbaycan daha yaxşı gələcək naminə şəhərlərin dəyişdirilməsi  təcrübəsini təqdim edir, həmçinin belə bir Forumun növbəti sessiyalarının birinə ev sahibliyi etməyə hazır olduğunu bildirir.

DİGƏR Xəbərlər Arxiv