YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fatma Yıldırım: İkinci Qarabağ müharibəsi dünya hərb və siyasət tarixinə əbədi həkk olundu

“Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı çox vacib məqamlara toxundu, mühüm mesajlar verdi. Cənab Prezident tarixi Qələbənin qazanılmasından, Zəfərin mənəvi-siyasi və hərbi-strateji əhəmiyyətindən, Azərbaycanın XXI əsrin müharibəsini aparmasından, yeni mərhələdə ordu quruculuğunun müasir çağırışlara uyğun davam etdirilməsindən və digər bir sıra əhəmiyyətli məsələlərdən bəhs etdi”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, İkinci Qarabağ müharibəsi dünya hərb və siyasət tarixinə əbədi həkk olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində işğalçıları döyüş meydanında məhv etdi, 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Başqa sözlə, müstəqil Azərbaycanın güclü ordusu Ermənistanın 30 il müddətində havadarlarının dəstəyi ilə qurduğu ordunu darmadağın etdi. Çox sayda tank, artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, hərbi texnika, silah-sursat ələ keçirildi. Ermənistan tərəfinin tankları, zirehli texnikaları, radar sistemləri və səngərləri Azərbaycanın hərbi dronları üçün ova çevrildilər. PUA-lardan səmərəli istifadə olunması XXI əsrin müharibəsinin əvvəlki savaşlardan fərqli olduğunu göstərdi. Bütövlükdə, XXI əsrin modern müharibə modeli və hərb strategiyası Azərbaycana cəmi altı həftəyə Ermənistanı təslim olmağa məcbur etdi. Nəhayət, ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu. Əlbəttə, bu qələbə təkcə silah-sursat və texnika hesabına təmin edilmədi. Yüksək döyüş qabiliyyəti, taktiki və strateji hazırlıq, nümunəvi vətənpərvərlik ruhu, milli həmrəylik və digər mühüm amillər Azərbaycanın mütləq qələbəsini şərtləndirən mühüm faktorlar kimi xüsusi qeyd edilməlidir. Bütün bunlar XXI əsrin müharibəsinin Azərbaycan modelini əks etdirir. Və bu təcrübənin dünyada, o cümlədən aparıcı hərbi məktəblərdə geniş öyrənilməsi - nümunə kimi göstərilməsi ölkəmizin hərbi-strateji qüdrətinin və siyasi prestijinin əyani ifadəsidir.

Millət vəkilinin sözlərinə görə, torpaqlarımız işğaldan azad olunsa da, ordu quruculuğu keyfiyyətcə yeni mərhələdə - müasir çağırışlara uyğun davam etdirilir. Müharibədən sonra imzalanmış yeni  müqavilələr icra edilir, ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar alınır. Yeni silahlı birləşmələrin - Komando Briqadasının yaradılması isə böyük hərbi-strateji əhəmiyyətə malikdir.

“Prezident İlham Əliyev Azərbaycan xalqının haqq savaşını bütün cəbhələrdə - siyasət, dövlət quruculuğu, diplomatiya, informasiya-təbliğat və hərb meydanında uğurla apardı, hədəfə nail oldu. Təbii ki, Azərbaycanın 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi təkcə ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, dünyada yeni nümunənin - mühüm presedentin yaradılmasıdır. Söhbət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına nail olmaqdan gedir. Bu, eyni zamanda, BMT-nin korlanmış imicinin bərpası üçün yeni nümunə yaradılması və ya şərait formalaşdırılması baxımından önəmlidir. Bu Qələbə, eyni zamanda, milli mənəviyyatın yenilənməsi, milli qürur və ləyaqətin bərpası, dövlətçiliyin gücləndirilməsidir. Zəfərin strateji prosesə çevrilməsi isə Azərbaycanın sarsılmazlığını təmin edən əsas sütunlardan biridir”,-deyə deputat vurğulayıb.