YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Ordu Gününü azad Kəlbəcərdə qeyd etmək böyük qürurdur

“Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından ötən ilyarımdan artıq müddətdə hadisələrin xronologiyasına diqqət yetirsək dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərlərinin, həmçinin hər bir tarixi günü, bayramı bu torpaqlarımızda qeyd etdiyinin şahidi olarıq. Öz tarixi sahibinə qovuşan torpaqlarımızı ziyarət etmək, bu ərazilərin sakinləri ilə 28 illik işğal dövründə bütün çətinliklərə baxmayaraq milli kimliyimizi, qürurumuzu qorumaları barədə fikirlərini bölüşməkdən sevincli nə ola bilər? Ölkə Prezidenti İlham Əliyev növbəti dəfə 26 İyun -Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü işğaldan azad edilmiş torpaqlarımızda qeyd etdi, tarixi Zəfərimizi şərtləndirən amilləri, postmünaqişə dövrünün reallıqlarını bu məkanlardan bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı. Ali Baş Komandanın qalib Sərkərdə kimi bu ərazilərə səfərləri xarici mətbuatda da geniş şərh olunur. Bu fikir xüsusi vurğulanır ki, hər bir sahədə təcrübəsi nümunə olan Azərbaycanın müharibə taktikası dünyanın inkişaf etmiş ölkələrinin ali məktəblərində hərbi dərsliklərə salınaraq öyrənilir. Bu, Azərbaycan xalqının öz doğma torpağına bağlılığını nümayiş etdirməklə yanaşı, dövlətimizin texnoloji proseslərə verdiyi önəmi də açıqlayır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri, bu zaman Böyük Qayıdışa xidmət edən biri-birindən əhəmiyyətli infrastruktur və sosial obyektlərin təməlqoyma və açılış mərasimində iştirakı diqqəti xüsusilə cəlb edir: “Ölkə Prezidenti Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış oldu. Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak etdi. Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış oldu. Dövlət başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edildi. Prezident İlham Əliyev, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış oldu. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlandığı gündən dövlət başçısı İlham Əliyev aidiyyəti qurumların qarşısında bu mühüm vəzifəni qoydu ki, bütün işlər Baş plan əsasında həyata keçiriləcək. Baş plandan kənar hansısa bir iş görülməyəcək. Ona görə ki, həmin Baş planda şəhərin müasirliyinin qədimliyi ilə vəhdətini qorumağa xidmət edən bütün addımlar öz əksini tapıb. Qeyd olunan səfər çərçivəsində dövlət başçısı İlham Əliyevə Kəlbəcər şəhərinin Baş planı təqdim edildi. Həmçinin Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməli qoyuldu. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş bütün ərazilərdə İşğal və Zəfər muzeylərinin yaradılmasını prioritet məsələ kimi qarşıya qoyub. Məqsəd həm işğal , həm də Zəfər dövrünün reallıqlarını ölkə ictimaiyyətinə , eyni zamanda, bu ərazilərə gələn xarici qonaqlara çatdırmaqdır.”

Dövlət başçısının qeyd olunan səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi obyektlərin say tərkibinin hər kəsi heyrətləndirəcək səviyyədə olduğunu önə çəkən YAP Xətai rayon təşkilatının sədri diqqəti Kəlbəcərdə yeni yaradılmış komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin nitqində yer alan mesajlara yönəldib: “Dövlət başçısı bir daha bu fikri böyük qürur hissi ilə qeyd etdi ki, bu gün Silahlı Qüvvələr Gününü müzəffər xalq, qalib ölkə kimi qeyd edirik. Bu günü yaşamağımız üçün təbii ki, güclənməli, qüdrətlənməli idik. Çünki bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir. Haqq-ədalət, beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, 30 illik işğal dövründə işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” demədi. Azərbaycan tarixi Zəfəri ilə dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. İqtisadi müstəqilliyini təmin edən ölkəmiz beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi. Qələbəmizi şərtləndirən amillər sırasında Azərbaycan gəncliyinin vətənpərvərliyi, torpağa sevgisi əsas yer tutur. Dövlət başçısı İlham Əliyev sözügedən nitqində bu məqamı xüsusi qeyd etdi ki, bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər.”

Vüqar Rəhimzadə Azərbaycan Ordusunun gücündən, Ermənistan silahlı qüvvələrini diz çökdürməsindən, işğalçı dövlətin kapitulyasiya aktına imza atmasından geniş bəhs edərək bildirib ki, cənab Ali Baş Komandanın Ordu Günündə bir güllə belə atılmadan azad edilən Kəlbəcər və Laçın rayonlarına səfər etməsi bir daha yağı düşmənə verilən göz dağıdır: “10 noyabr 2020-ci il tarixli Bəyanatda Kəlbəcərin, Ağdamın və Laçının nəzərdə tutulan vaxtda boşaldılması əksini tapmışdı. Kəlbəcər üçün həmin vaxt 15 noyabr tarixinə nəzərdə tutulmuşdu. Lakin ermənilər vaxt məhdudiyyətini önə çəkərək Rusiyanın vasitəsilə Azərbaycan tərəfindən əlavə 10 gün möhlət istədi və noyabrın 25-də Kəlbəcər boşaldıldı. Amma Kəlbəcərin necə boşaldıldığını, düşmənin bu tarixi ərazimizdə törətdiyi vandalizm aktlarını, ekoloji terroru dünya da gördü. Apardıqlarını apardılar, apara bilmədiklərini, o cümlədən evləri, ağacları yandırdılar. Azərbaycan öz humanistliyini göstərib onlara əlavə 10 gün vaxt verdi. Ermənilər isə bunun qarşılığında öz xislətlərini, vəhşiliklərini  ortaya qoydular.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur: “Artıq torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri günləri qeyd edirik. Keçmişlə deyil, gələcəklə yaşayıb çağdaş tariximizdə yeni səhifə açmaqla işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinin miqyasını genişləndiririk. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Onlar hesab edirdilər ki, orduları məğlubedilməzdir. Göstərdik ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməz. Həmçinin qeyd edirdilər ki, Azərbaycan öz torpaqlarını heç vaxt hərbi yolla ala bilməz. İllərdir qurduqları istehkamlar, eyni zamanda, bu bölgənin coğrafiyası onlarda bu qənaətin yaranmasına əsas verirdi. Lakin rəşadətli Azərbaycan Ordusu bu mifi də dağıtdı və sübut olundu ki, sarsılmaz iradə, xalq-iqtidar birliyi, ordunun vətənpərvərliyi olan yerdə heç kim Azərbaycan Ordusunun qarşısında dayana bilməz. Dövlət başçısı İlham Əliyev Kəlbəcərdən bir daha bu mesajı ünvanladı ki, əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir. Dəmir yumruq yerindədir. Azərbaycan postmünaqişə dövrünün reallıqlarının hamı tərəfindən qəbul edilməsini istəyir. Dünyanın əksər gücləri artıq bu reallıqları qəbul edib və fəaliyyətlərini də bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir.”

Vüqar Rəhimzadə bildirib ki, bu gün azad Kəlbəcərdə Ordu Gününü qeyd etməkdən sonsuz qürur hissi keçiririk: “Bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə böyük bayram ab-havası yaşanır. Bu torpaqlara həyatın yenidən qayıtması, ən əsası bütün ərazilərin müasir tələblər səviyyəsində qurulması hər kəsdə böyük ruh yüksəkliyi yaradır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki, Qarabağ hər zaman- işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də Azərbaycan torpağı olub və hər zaman olacaq. Qarabağ Azərbaycandır!”

Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza hər səfərinin qürurverici məqamlarla zəngin olduğunu önə çəkən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, artıq Böyük Qayıdışın ilk addımlarını gözləyirik: “Ölkə Prezidenti İlham Əliyev istər Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsindəki nitqlərində, istərsə də iyunun 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxışı zamanı həm paytaxt Bakının, həm də hazırda bərpa-quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş ərazilərimizin timsalında müasirliklə qədimliyin sintezinin yaradılmasını əsaslı şəkildə diqqətə çatdırdı. Bir daha bu əminlik ifadə edildi ki, istədiyimizə nail olacaq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik.”