YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngilanda icra olunan bərpa-quruculuq layihələri ilə tanışlıq

Ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, tanınmış politoloqların və siyasi şərhçilərin, habelə media nümayəndələrinin bu gün Zəngilan rayonuna səfəri təşkil olunub. Səfər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə reallaşıb.

Ölkədə siyasi dialoq ənənə və təcrübəsinin daha da dərinləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsünə əsasən, mütəmadi olaraq müxtəlif səpgili layihələr icra olunur. Azərbaycan ictimaiyyəti mövcud istiqamətdəki davamlı təşəbbüslərin şahididir. Təsadüfi deyil ki, dövlətimizin başçısı siyasətdə sağlam münasibətlərin bərqərar olunması, siyasi dialoq mühitinin əhəmiyyəti və konstruktiv əməkdaşlığın vacibliyi kimi önəmli demokratik məzmunlu təzahürlərə davamlı olaraq müraciət edir.

Mövcud kontekstdə işğaldan azad olunmuş ərazilərə siyasi partiya rəhbərləri üçün birgə səfərlərin təşkili təcrübəsi xüsusi siyasi çəkiyə malikdir.

Xatırladaq ki, ölkənin demokratik məzmunlu siyasi dialoq təcrübəsini zənginləşdirən siyasi partiya rəhbərlərinin birgə səfərləri daha öncə Ağdam və Şuşa şəhərlərinə təşkil olunub. Belə ki, partiya rəhbərlərinin və politoloqların ilk birgə səfəri ötən il martın 17-də Ağdam şəhərinə, ikinci birgə səfər oktyabrın 7-də Şuşa şəhərinə təşkil edilib. Ölkə siyasiləri üçüncü dəfə Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə cari il iyunun 15-də Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransda iştirak etmək üçün birgə səfərə çıxıb, Azərbaycanın siyasi tarixində ilk dəfə olaraq müxalif siyasi partiyalar iqtidar tərəfindən təşkil olunmuş rəsmi dövlət tədbirində iştirak ediblər.

Növbəti, dördüncü birgə səfərin ünvanı Zəngilan rayonudur. Cari ilin iyunun 24-də keçirilmiş səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi təmsil olunub. Təşkil olunmuş səfərdə siyasilərlə yanaşı, tanınmış politoloqlar və siyasi şərhçilər, habelə jurnalistlər iştirak ediblər.

Qeyd edək ki, bu səfərin ilk ünvanı Cəbrayıl rayonu olub. Burada səfər iştirakçılarına Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan minatəmizləmə fəaliyyəti barədə geniş məlumat verilib. Düşmən tərəfindən basdırılmış minaların zərərsizləşdirilməsi prosesini izləmək fürsəti yaradılıb. Səfər iştirakçıları, həmçinin Füzuli-Zəngilan (Ağbənd) avtomobil yolunda Agentlik tərəfindən görülən işlər barədə geniş məlumatlandırılıb, eyni zamanda, sahələrdə aparılan minatəmizləmə əməliyyatlarında mexaniki minatəmizləmə maşınlarının işi ilə də tanış olublar. Sahələrdə aparılan minatəmizləmə əməliyyatlarında minaaxtaran itlərlə təmizləmə proseslərini də səfər iştirakçılarına izləmək imkanı yaradılıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən verilmiş məlumatları dinləyən səfər iştirakçıları mina xəritələrinin Azərbaycana təhvil verilməməsi faktını rəsmi İrəvanın növbəti hərbi cinayəti kimi qiymətləndiriblər.

Mina xəritələrindən Ermənistanın siyasi spekulyasiya məqsədilə istifadə etdiyini qeyd edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mövcud istiqamətdə həqiqətlərin beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılması prosesində bütün siyasi partiyaların fəal iştirakının əhəmiyyətini vurğulayıb.

Aparılan fikir mübadiləsi çərçivəsində qeyd olunub ki, mülki əhalinin ölümünə və insan faciəsinə səbəb olan Ermənistanın mina xəritələri ilə manipulyasiyalarına son qoyulmalı və beynəlxalq ictimaiyyət bu hərbi cinayətlərə qarşı adekvat tədbirlər görməlidir.

Səfər iştirakçıları sonra Zəngilanda Həkəri çayına balıq buraxılmasında iştirak ediblər. Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev səfər iştirakçılarına Həkəri çayı, bu ərazilərin flora və faunası haqqında məlumat verib. Buraxılan balıq növləri barədə səfər iştirakçılarını məlumatlandırıb. O, Həkəri çayına üç min balığın buraxıldığı bildirib.

Siyasi partiya nümayəndələri, tanınmış politoloqlar və siyasi şərhçilər 2021-ci ilin aprelində təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuş və cari il mayın 27-də dövlətimizin başçısının iştirakı ilə birinci mərhələsinin açılışı olmuş “Ağıllı kənd” layihəsi ilə yaxından tanış olmaq imkanı qazanıblar. Zəngilanda səfər iştirakçılarını qarşılayan Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev qonaqlara layihə haqqında geniş məlumat verib. Qeyd edək ki, layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. Burada 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir.

Səfər çərçivəsində iştirakçılar Ağalı kəndində yaradılmış Dövlət Xidmətləri Mərkəzi ilə tanış olublar. Burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” Mərkəzi, DOST Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək.

Daha sonra səfərdə iştirak edən siyasilər Ağalı kəndində “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi ilə də tanış olublar.

Səfər iştirakçılarına Qarabağın “Yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu haqqında da geniş məlumat verilib. Eyni zamanda, ölkə siyasiləri Zəngilandan keçən loqistik layihələr haqqında da məlumatlandırılıblar. Səfər iştirakçılarına inşa olunan Zəngilan Beynəlxalq Hava Limanı, ümumi uzunluğu 124 kilometr olacaq Zəngilan-Horadiz avtomobil yolu, eləcədə Horadiz-Zəngilan-Ağbənd beynəlxalq dəmir yolu haqqında da məlumat verilib. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq.

Səfər çərçivəsində siyasilər Zəngilanın turizm potensialı ilə də tanış olublar. Onlara məlumat verilib ki, gözəl meşələr, dağlar, bulaqlar, çaylar və Beynəlxalq Hava Limanı, həmçinin dəmir və avtomobil yolları Zəngilanda turizmin inkişafı üçün zəmin yaradır. Səfər iştirakçılarına bildirilib ki, Zəngilan rayonunun turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılacaq. Burada otellər, istirahət zonaları yaradılacaq və kənd turizmi də inkişaf etdiriləcək. Yaradılacaq yeni infrastruktur layihələri Zəngilana qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq. Səfərdə iştirak edən ölkə siyasiləri Bəsitçay Dövlət Təbiət Qoruğunu da ziyarət ediblər.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə reallaşan siyasi dialoq çərçivəsində təşkil olunan bu cür səfərlər siyasi proseslərin iştirakçıları arasında sağlam əməkdaşlıq münasibətlərinin və demokratik məzmunlu dayanaqlı dialoq ənənələrinin dərinləşməsinə xidmət edir. Siyasi proseslərdə iştirak edən tərəflər arasında işgüzar mühitin və sağlam münasibətlərin qorunması məqsədilə atılan addımlar siyasi partiya rəhbərləri tərəfindən fəal şəkildə dəstəklənir. Təşviq olunan dialoq mühiti konstruktiv əməkdaşlığı, dövlət naminə şəxsi ambisiyalardan imtina olunmasını, milli həmrəyliyi, habelə etibarlı münasibətləri tərənnüm edir. Bu mənada ölkəmizdə siyasi dialoq mühitinin təşviqinə yönəlmiş təşəbbüslər ilk növbədə Prezident İlham Əliyevin dövlət siyasətinin demokratik məzmunundan xəbər verir. Bu cür demokratik təcrübələri və Azərbaycanın siyasi reallığını nəzərə alaraq, deyə bilərik ki, siyasi dialoq vahidliyi milli birliyi, həmrəyliyi, sabitliyi, təhlükəsizliyi və dayanıqlı inkişaf mühitini təmin edən əsas demokratik mexanizmlərdən biridir.

Sonda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Zəngilana səfərin əhəmiyyəti barədə fikirlərini bölüşüb. Burada iştirak edən qonaqlara öz təşəkkürünü bildirib.

DİGƏR Xəbərlər Arxiv