YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Yolun davamının uğurlu nəticəsi bugünkü qalib Azərbaycandır

Vüqar Rəhimzadə

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru

Azərbaycanın bugünkü uğurları, gələcəklə bağlı müəyyənləşdirdiyi prioritetlər ölkəmizin həyatında mühüm rol oynayan dönüş nöqtələri ilə sıx bağlıdır. Ölkəmiz 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra sabahımızla bağlı düşüncələrimiz inkişafa, tərəqqiyə köklənsə də tamamilə fərqli bir mənzərənin şahidinə çevrildik. Xalqımız bu sevinci yaşamaq imkanından məhrum oldu. Belə ki, müstəqilliyin ilk illərində Azərbaycanın başına gələn müsibətlərin, o cümlədən torpaqlarımızın Ermənistan tərəfindən işğalının əsas səbəbi, hətta dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin yaşanması məhz marionet “rəhbərlərin”, AXC-Müsavat cütlüyünün ölkənin, xalqın taleyinə biganəliyi, səriştəsiz fəaliyyətlərinin məntiqi nəticəsi idi. Ölkədə xaos, anarxiya baş alıb gedir, iqtisadi böhran dərinləşir, Azərbaycanın bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi artırdı. Eyni zamanda, silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı şəxslərin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb olurdu.

 Xalq belə vəziyyətdən nicat yolunu zəngin və böyük dövlətçilik təcrübəsinə malik ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə görürdü. Ümummilli Lider xalqın təkidli tələbinə, dövlət müstəqilliyinin qorunub saxlanmasına biganə qalmayaraq 1993-cü ilin iyununda Bakıya qayıtdı. Həmin ilin iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Prezident seçildi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqil dövlətçilik tarixinin yeni səhifəsi açıldı.

 Dahi şəxsiyyətin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərinin xronologiyasına diqqət yetirdikdə hər birinin Azərbaycanın həyatında dönüş nöqtəsi olduğunu böyük əminliklə qeyd edə bilərik. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı ki, bunun da əsasını müstəqil Azərbaycanın ilk Konstitusiyası təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin dönməz, xarakter alması dahi şəxsiyyət Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Ulu Öndər bildirirdi ki, hər bir şəxs Konstitusiya və qanunlara dönmədən əməl etməli, dövlət və cəmiyyət qarşısında ondan irəli gələn vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir.

 Ümummilli lider Heydər Əliyev hər bir ölkənin inkişafında sabitliyin rolunu önə çəkərək bildirirdi ki, sabitlik olmadan hansısa sosial-iqtisadi layihənin həyata keçirilməsi mümkünsüzdür. Məhz Ulu Öndərin uğurlu siyasəti nəticəsində yenidən qurulan Azərbaycan qısa zamanda sabitlik diyarına çevrildi, ölkəmizə investisiya axını sürətləndi. Ulu Öndərin müasir müstəqil Azərbaycanın qurucusu kimi təqdim olunması da məhz bu reallıqlara əsaslanır. O, xilaskarlıq missiyasını uğurla həyata keçirərək Azərbaycanı bütün sahələrdə inkişaf, tərəqqi yoluna çıxardı, gələcək üçün möhkəm təməl formalaşdırdı. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” bir daha Azərbaycanın nüfuzunun, beynəlxalq aləmdə möhkəmlənən yerinin və artan rolunun göstəricisidir. Bu sazişin imzalanması ilə həm Azərbaycanın iqtisadi qüdrəti artdı, həm də etibarlı tərəfdaş kimi mövqeyi möhkəmləndi. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan sonrakı illərdə qaz ixracatçısı kimi beynəlxalq aləmdə nüfuz qazandı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə çevirdi. Ulu öndər Heydər Əliyev “Əsrin müqaviləsi” imzalandıqdan sonra bu fikri böyük əminliklə ifadə etmişdir ki, “Əsrin müqaviləsi” ilə qoyulan təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaqdır. XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.

 “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 28 illik zamana diqqət yetirsək Azərbaycan iqtisadiyyatının möcüzəli inkişafa nail olduğunu fəxr hissi ilə qeyd edə bilərik. Həqiqətən də ölkəmizin enerji sektorunda qazanılan uğurların miqyası ölçüyəgəlməzdir. Hər il keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi bu sahədə görülən işlərin hesabatı kimi dəyərləndirilir. Builki Bakı Enerji Həftəsi Azərbaycanın “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək, işğaldan azad edilmiş torpaqlarımızın “yaşıl enerji” zonasına çevrilməsi hədəfinin qarşıya qoyulduğu zamanadək keçdiyi yolun təqdimatı oldu. Bugünümüz üçün fərəhli hal bundan ibarətdir ki, belə tədbirlərin yekunu Qarabağın tacı Şuşada keçirilir.

 Bu illər ərzində əməkdaşlığın coğrafiyasının genişlənərək regional çərçivədən beynəlxalq səviyyəyə yüksəlməsi, “Yeni əsrin müqaviləsi”nin imzalanması, Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsi, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolunun artması və sair kimi biri-birindən əhəmiyyətli uğurlarımız Azərbaycanın enerji diplomatiyasının nəticələridir.

 Ölkəmizin enerji sektorunda qazandığı uğurlar iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsinə, neft gəlirlərindən əldə olunan vəsaitlərin düzgün istiqamətləndirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar açır. 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Bu gün Dövlət Neft Fondu şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi beynəlxalq səviyyədə nüfuz qazanır. Fond, eyni zamanda, dövlət siyasətinin prioritetlərini müəyyənləşdirir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycanın hərtərəfli inkişafının təmin edilməsi ölkəmizin beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyinin qorunmasını şərtləndirir. Azərbaycanın hər dövrün tələbinə uyğun həyata keçirdiyi islahatlar prosesi onun ən islahatçı ölkə kimi tanınmasında əhəmiyyətli rol oynayır.

 Qeyd etdiyimiz kimi, iqtisadi inkişafımız demokratikləşmə prosesi ilə sıx bağlıdır. Ulu öndər Heydər Əliyev ilk gündən bu çağırışı etdi ki, demokratikləşmə bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Bu fikirlərin davamı olaraq dövlət başçısı İlham Əliyev bildirdi ki, demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, ölkənin hərtərəfli inkişafının əsasıdır. Ölkəmizdə söz, mətbuat azadlığı təmin edilib, insan hüquqlarının qorunması üçün qanunvericilik bazası yaradılıb, çoxpartiyalı sistem formalaşıb, seçkilərin demokratik, azad və beynəlxalq standartlara uyğun keçirilməsi üçün lazım olan bütün tədbirlər həyata keçirilib və bu addımlar davamlıdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul olunan Konstitusiyamızın maddələrinin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Bir sözlə, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə Onun şah əsəri kimi dəyərləndirilən müasir müstəqil Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməl formalaşdırılıb.

 Dahi rəhbərin bugünkü inkişafımıza yol açan xidmətləri sırasında azərbaycançılıq ideologiyasının təbliğini xüsusi qeyd etməliyik. Ulu Öndərin Azərbaycanın bütün dünya azərbaycanlılarının tarixi Vətəni olduğunu bəyan etməsi, hər hansı bir ölkəyə səfəri zamanı orada yaşayan soydaşlarımızla görüşərək onların problemləri ilə yaxından tanış olması da qeyd edilən istiqamətdə görülən işlərin tərkib hissələrindən idi. Harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları bir amal - azərbaycançılıq ideyası ətrafında sıx birləşməyə çağıran ulu öndər Heydər Əliyevin Sərəncamı əsasında 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının Bakıda keçirilməsi diaspor quruculuğu prosesində yeni mərhələnin əsasını qoymaqla yanaşı, onların vahid mərkəzdən idarə olunmalarını təmin etdi. Ümummilli Lider bu çağırışı da etdi: “Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur”. Bu mühüm məqamı da qeyd etməliyik ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1991-ci ilin 16 dekabrında qoyulub. O illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyevin təşəbbüsü ilə Ali Məclis dünya azərbaycanlılarının birliyinin vacibliyini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Ulu öndər Heydər Əliyevin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinə, həmrəyliyinə xidmət edən addımlarının uğurları tarixi Zəfərimizi şərtləndirdi. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “dəmir yumruq” gücümüzlə yanaşı, birliyimizi, həmrəyliyimizi dünyaya nümayiş etdirdi. Bu gün isə həmin birliyimizi tarixi Zəfərimizin yaratdığı reallıqların beynəlxalq aləm tərəfindən qəbuluna yönəldirik. Bu ilin mühüm hadisələri sırasında yer alan Zəfər Qurultayı bir daha birliyimizin təqdimatı oldu. Bu mesaj Qarabağın tacı Şuşadan dünyaya ünvanlandı. Dünya azərbaycanlılarını Şuşada bir araya gətirən Zəfər Qurultayı ötən illərdə əldə olunan uğurlara baxış və qarşıdakı dövrdə diaspor təşkilatlarının qarşısında dayanan vəzifələrin təqdimatı kimi dəyərləndirildi.

 Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edərkən Azərbaycan xalqının həyatında dönüş nöqtələrindən biri olan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasını xüsusi qeyd etmək lazımdır. Bugünümüzdən partiyanın yaradıldığı dövrə nəzər salsaq Azərbaycanın yaşadığı o çətin anlarda xalqın belə bir partiyanın yaradılmasına necə böyük ehtiyacı olduğunu daha aydın şəkildə görərik. Səbəbsiz olaraq deyilmir ki, YAP zamanın tələbi ilə yaradılan partiyadır. «91-lər»in ulu öndər Heydər Əliyevə müraciətlərində dövrün reallıqları, Ümummilli Liderin müraciətə cavabında isə yaşanan çətin vəziyyətdən çıxış yolları öz əksini tapmışdır. Belə bir partiyanın yaradılmasına ehtiyac müraciətdə hərtərəfli şəkildə qeyd edilmişdir. Hər zaman xalqının yanında olan, Azərbaycanın bu günü və gələcəyi üçün çalışan ulu öndər Heydər Əliyev müraciətə cavabında belə bir partiya yaradılarsa onun gələcəyinə böyük inam bəslədiyini xüsusi qeyd etmişdir. Təbii ki, bu inam, etimad partiyanın sonrakı fəaliyyətinin bələdçisinə çevrildi. 1992-ci ildən yola çıxan Yeni Azərbaycan Partiyası bu il 30 yaşını qeyd edəcək. 30 il partiyanın, Azərbaycanın həyatında hansı izlərini qoyub, bunu artıq hər bir Azərbaycan vətəndaşı söyləyə bilər. Bircə məqamı qeyd etmək lazımdır ki, sözlə əməl birliyi bütün inkişafın, tərəqqinin, bir sözlə, həyata keçirilən siyasətə inamın əsasıdır. YAP bu inamı və etimadı xalqımıza və dövlətçiliyimizə xidməti ilə qazandı. Ulu öndər Heydər Əliyev 2003-cü ildə növbəti dövrün etimad ünvanını göstərərkən cənab İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını qeyd etmişdir. YAP cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirməklə onların istəyinin ifadəçisinə çevrilib. Xalqımızın partiyanın gələcəyinə inamı böyükdür. Bunu partiyanın sıralarının kəmiyyət və keyfiyyət baxımından günbəgün zənginləşməsi də sübut edir. Hazırda YAP-ın üzvlərinin sayı 800 minə yaxındır. Yeni Azərbaycan Partiyası dövrün, zamanın tələblərinə uyğun qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə daim cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Artıq 2021-ci ildə Zəfər ruhunda keçirilən YAP-ın VII qurultayı partiyanın 30 illik yubileyinə hansı uğurlarla getdiyinin anonsunu verdi. Eyni zamanda, qəbul olunan yeni qərarlar, yeni tərkibin formalaşması hansı vəzifələrin daha prioritet olduğunu açıqladı. Hər bir yenilik tərəqqi deməkdir. YAP daim yeniliyə, təkmilləşməyə doğru addımlayır, Azərbaycanın yeni-yeni hədəflərə çatmasına öz töhfələrini verir.

 Hər bir azərbaycanlı bu fikri qeyd etməyi özünə borc bilir ki, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Onları sadalamaqla bitməz. Vətənini, xalqını sevən Liderin ideyaları hər zaman ölkəsinin gələcəyə doğru istiqamətlənən yolunun qarşısında mayak rolunu oynayır. Əbəs yerə bu fikir hər bir azərbaycanlının həyat amalına çevrilməyib ki, nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır.

 Ulu öndər Heydər Əliyev uğurlu siyasəti ilə kiçik bir ölkəni dünyada tanınan, müstəqilliyi daimi və dönməz olan nüfuzlu bir dövlətə çevirdi. Dünya dövlətlərinin rəhbərlərinin, siyasətçilərinin dahi şəxsiyyət Heydər Əliyev haqqında söylədikləri fikirlər də Onun görkəmli siyasi xadim kimi irsinin bütün dövrlər üçün nümunə ola biləcəyini təsdiqləyir. Qeyd olunan fikirlərin ümumiləşdirilmiş ifadəsi budur ki, bütün mənalı həyatını öz xalqının inkişafına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsilləri Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

 Ulu öndər Heydər Əliyev canından artıq sevdiyi Azərbaycanın gələcəyini düşünərək 2003-cü ildə xalqa inamın növbəti ünvanını göstərdi. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımız Heydər Əliyev siyasətinə səs verərək cənab İlham Əliyevin ətrafında sıx birləşdi. Böyük Yolun 2003-cü ildən başlanan davamının uğurlu nəticəsi bugünkü qalib Azərbaycandır. Son 18 ildən atıq dövrdə Azərbaycan bütün sahələrdə uğurlu inkişafını davam etdirdi. Prezident İlham Əliyev ilk gündən ölkənin inkişafında iqtisadi amili önə çəkdi və bu tezisi irəli sürdü ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bunun üçün regionların malik olduğu potensialdan istifadə etmək məqsədilə regional inkişaf proqramlarının icrasına başlanıldı. Artıq 3 Dövlət Proqramının icrası başa çatıb. 4-cü Proqramın icrası davam edir. Hər bir Proqramın qəbulunu zəruri edən təbii ki, dövrün tələbləri, qarşıya çıxan yeniliklərdir. Bu gün artıq “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən bəhs edirik. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu dünya hərb tarixinə elə bir səhifə yazdı ki, bu, bütün tarix boyu müasir müstəqil Azərbaycan dövlətinin 1993-cü ilin iyunundan indiyədək həyata keçirdiyi siyasətin düzgünlüyünün və gələcəyə hesablanmış siyasət olmasının təqdimatı olacaq. Tarixi Zəfərimiz Prezident İlham Əliyevin adını tarixə qalib Sərkərdə, Azərbaycan xalqını yenilməz, məğrur xalq, ordumuzu güclü, qüdrətli, dünyanın 50 ordusu sırasında qərarlaşan rəşadətli ordu kimi yazdı. Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir. Artıq bu uğurumuz görülən işlərin aydın mənzərəsini yaradır.

 Bu gün Azərbaycanın həyatında yeni bir mərhələ başlanıb. İşğaldan azad edilmiş ərazilərimizə yeni nəfəs verilir, erməni tapdağından təmizlənən torpaqlarımız cənnət məkana çevrilir. Tezliklə bu torpaqlarımız əzəli öz sahiblərini qarşılamaqla həyatlarına yenidən başlayacaq, inkişaf, tərəqqi dövrünü yaşayaraq Azərbaycanın hərtərəfli inkişafına töhfələr verəcəklər. Bugünkü qalib Azərbaycan Heydər Əliyev yolunun ən böyük uğurudur. Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqın, ulu öndər Heydər Əliyevin Ona olan etimadını yüksək səviyyədə doğruldaraq milyonların sevgisini qazandı. Ümummilli Liderin 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində yer alan fikirlərini bir daha xatırlatmaq istərdik: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

 Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün ulu öndər Heydər Əliyevin, eyni zamanda, müstəqilliyimizin qorunması, torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarından keçən Vətən oğullarının ruhu şaddır. Azərbaycan ərazi bütövlüyünü təmin edib, qalib ölkə kimi tarixi Zəfərin yaratdığı reallıqları dünyaya qəbul etdirir. Məhz bugünkü Azərbaycan reallıqları bir daha sübut edir ki, siyasətində müstəqil olan dövlətin qarşısında böyük imkanların açılması şəksizdir.

 Bu məqamı da xüsusi qeyd etməliyik ki, hər bir Azərbaycan vətəndaşının əsas vəzifəsi Heydər Əliyev ideyalarının təbliğatçısı olmaq, bu məktəbin Azərbaycana qazandırdığı uğurları indiki və gələcək nəsillərə çatdırmaqdır. Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu bu missiyanı şərəflə yerinə yetirir. Fond bununla yanaşı, Azərbaycanın hərtərəfli inkişafına dəstək olan layihələrin icrasını reallaşdırır. Heydər Əliyev Fondunun, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini sadalamaqla bitməz. Azərbaycan həqiqətlərinin təbliğatçısına çevrilən Fondun diplomatik mübarizədə də rolu inkaredilməzdir. Fondun təşəbbüsü ilə Qarabağ həqiqətlərini özündə əks etdirən, müxtəlif dillərdə kitablar, vəsaitlər nəşr edilərək dünya ictimaiyyətinə çatdırılır. Dövlət başçısı İlham Əliyev 2017-ci ilin fevralında Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin edərkən bu mühüm addımı onun zəngin fəaliyyətinin və təşkilatçılıq bacarığının məntiqi nəticəsi kimi dəyərləndirmişdir. Mehriban xanım Əliyeva bildirmişdir: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam.» Həmin vaxtdan ötən 5 ildən artıq dövrə nəzər salsaq bu fəaliyyətin zənginliyini görərik.

 Xalqımız əmindir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində Azərbaycan qarşıya qoyduğu hədəflərə uğurla nail olacaq, ilklərə imza atan ölkə kimi dünyada söz sahibliyini qoruyacaq. Hər bir sahədə təcrübəsi nümunə olan Azərbaycanın müharibə taktikasının beynəlxalq səviyyədə öyrənilməsi bir daha düşünülmüş və məqsədyönlü siyasətin ölkənin inkişafında başlıca amil olduğunu ortaya qoyur.

 Şübhəsiz, Heydər Əliyev yolunun uğurlarını bir yazıda əhatə etmək mümkünsüzdür. Əsas olan budur ki, Azərbaycan daim irəli baxır. Məhz bu baxış, ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanı Zəfərə çatdırdı. Bu gün bir daha böyük qürur hissi ilə, uca səslə deyirik: Zəfərin mübarək, Azərbaycan! Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan, qalibiyyətin mübarək! Heydər Əliyev ideyalarının işığında sabaha daha böyük inamla addımlayan müasir müstəqil, qalib Azərbaycanı qarşıda daha böyük uğurlar gözləyir!