YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “TEKNOFEST Azərbaycan” festivalına start verilib

Mayın 26-da Bakıda “TEKNOFEST Azərbaycan” festivalına start verilib.

Festivalın aparıcıları bu mötəbər tədbir barədə məlumatı qonaqlarla bölüşüblər. Bildirilib ki, “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir (indiyədək 4 dəfə təşkil olunub). Türkiyədən kənarda ilk “Teknofest” mayın 26-29-da Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində keçirilir.

“Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının təşkilatçıları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfidir.

Sonra “TEKNOFEST”ə hazırlığın gedişatını əks etdirən videoçarx nümayiş olunub. Videoçarxda qeyd edilib ki, festivala hazırlıq çərçivəsində tədbirin yüksək səviyyədə təşkili məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Təşkilat Komitəsi və işçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq dərkənarına əsasən icra olunması üçün aidiyyəti qurumlara göndərilib. Bakı Kristal Zalı və Dənizkənarı Bulvar ərazisinin rabitə, elektrik enerjisi və digər kommunikasiyalarla təminatı yoxlanılıb, görüləcək işlərin planı hazırlanaraq icrasına başlanılıb. Festivalın keçiriləcəyi ərazinin, eləcə də qonaqların və müsabiqə iştirakçılarının qalacaqları Atletlər Kəndi və mehmanxanalarda gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görülməsi üçün güc strukturları ilə birgə tədbirlər planlaşdırılıb. Tədbir iştirakçılarının akkreditasiyası həyata keçirilməyə başlanıb. Ziyarətçilərin “iticket.az” platforması üzərisindən onlayn bilet əldə etmələri üçün texniki hazırlıq işləri tamamlanıb və mayın 1-dən qeydiyyata başlanılıb. Dənizkənarı Bulvar ərazisində çadırların montaj işlərinə start verilib.

Daha sonra Səlcuq Bayraktarın geri sayımı ilə “TEKNOFEST Azərbaycan” festivalı öz işinə başlayıb. Təbdir iştirakçıları VİP tura dəvət olunublar. Tur zamanı moderator qonaqlara “TEKNOFEST” barədə ümumi məlumat verib.

Qeyd edək ki, “Teknofest Azərbaycan” bir sıra komponentlər üzrə təşkil olunur. Bunlara texnologiya müsabiqələri, “Take off Baku” startap sammiti, “Smart Qarabağ” Hakatonu, Türk Dövlətləri Təşkilatının İKT üzrə nazirlər toplantısı, “Rocket League” və “TEKKEN” oyunları üzrə Avropa kuboku, sərgilər, hava şouları, konsertlər və əyləncə attraksionları daxildir.